Xəzər quruyur: İlham Əliyevin 2022-ci ildə xəbərdarlıq etdiyi fəlakət indi qapıdadır
Xəzər quruyur: İlham Əliyevin 2022-ci ildə xəbərdarlıq etdiyi fəlakət indi qapıdadır
13.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

Prezident İlham Əliyevin Türkmənbaşıda Xəzər Ekoloji Sammitindəki çıxışı əslində SOS siqnalıdır. Çünki bu istiqamətdə səsləndirilən rəqəmlər qorxuducudur. Xəzər bir dəniz kimi artıq 20 min kvadrat kilometrdən çox sahəsini itirib. Prezident İlham Əliyev bu problemi indi yox, hələ 2022-ci ildə Aşqabadda VI Xəzər Zirvəsində qaldırmışdı. Onda çoxları bunu ikinci dərəcəli məsələ sayırdı. İndi isə Xəzər gözümüzün qabağında quruyur. Bəs səbəb nədir?

Xəzərlə bağlı indiyə qədər iki rahat bəhanə səsləndirilir. Bir. Qlobal istiləşmə. Bəli, istiləşmə var, buxarlanma artıb. Amma bu, prosesin cəmi 30%-ni izah edir. İki. Xəzər həmişə qalxıb-enir. Bəli, Xəzər tarix boyu tərəddüd edib. Amma indiki sürət son 100 ildə olmayıb. Son 5 ildə dənizin su səviyyəsi ildə 20-30 sm düşüb. Bu məslədə əsl həqiqət isə insan amildir. Daha dəqiqi Volqa çayında yaradılan süni manelərdir. Prezident İlham Əliyevin çıxışında ən strateji cümlə bu oldu ki, Xəzərə tökülən suyun 80%-i Volqanın payına düşür. Bu nə deməkdir? Volqa çayı Xəzərin ürəyidir. Bu çay kəsilsə Xəzər də öləcək. Bəs Volqa çayının başına nə gəlib ki, suyu azalıb. Volqa çayı üzərində Rusiyanın nəhəng 11 su anbarlar var. Bu anbarlar Volqanın illik axınının 30%-ə qədərini özündə saxlayır. Yayda Xəzərə su getməli olduğu vaxt, Rusiya əkin sahələrini suvarır, şəhərləri içməli su ilə təmin edir. Volqa çayı hövzəsində Rusiya əhalisinin 40%-i yaşayır və böyük sənaye ifrastrukturu yerləşir. Bu baxımdan zavod və fabriklər üçün su Volqadan götürülür. O cümlədən təbii hadisələrin də rolu var. Məslən qar az yağır, Volqaya daha az su gəlir, olan suyu da anbarlara yığırlar. Nəticədə Xəzərə gələn su il ərzində 270 kub kilometrdən 200 kub kilometrə düşüb. Fərq 70 kub kilometr su itkisidir. Bu, tək Azərbaycanın illik su ehtiyatından çoxdur. Yəni Prezident İlham Əliyev bu, yalnız ekoloji deyil, iqtisadi və strateji problemdir deməsi təsadüfi deyil. Xəzərin suyunun azalması limanlar, gəmilər üçün problem yaradır, dənizdəki neft platformalarının ətrafı quruyur, borular açıqda qalır, balıqçılıq çökür, quruyan 20 min kvadrat kilometr sahədə duz və neft çöküntüsü yaranır ki, külək onu Bakıya, Aktauya, Türkmənbaşıya aparır. Bu isə Aral dənizi ssenarisidir. Buna görə də prezident İlham Əliyev hələ 2022-ci ildə təklif etdi ki, Xəzərin su səviyyəsi üzrə xüsusi işçi qrupu yaradılsın. İndi isə deyir ki, bu qrup daimi regional mexanizmə çevrilməlidir. Yəni diplomatik dildə Rusiyaya açıq mesaj verilir ki, sən Volqanı təkbaşına idarə edə bilməzsən. Xəzər 5 dövlətin dənizidir, amma onun suyunun 80%-nə bir dövlət nəzarət edir. Azərbaycan hüquqi baza təklif edir. Elmi məlumat mübadiləsi, su balansının birgə ölçülməsi, anbarlardan buraxılan suyun kvotası. Bu, Xəzərin statusu haqqında Konvensiyadan sonra ən vacib sənəd ola bilər. Çünki Konvensiya dənizin dibini böldü, amma suyunu bölmədi. Yəni Azərbaycan Xəzər məsələsinə emosional yox, strateji baxır. Artıq məsələ Xəzər çirklənir, balıqlar ölür şüarından çıxıb, Xəzər quruyur, dövlətlər susuz qalır, limanlar işləmir reallığına keçir.

Prezident İlham Əliyevin 2022-ci ildə dediyi bu gün təsdiqlənir. Əgər Xəzəryanı dövlətlər Volqa məsələsində birgə öhdəlik götürməsə, 10 ildən sonra Xəzərlə bağlı ekoloji sammit keçirməyə dəniz qalmayacaq.

Şöhrət El-Dəniz

visiontv.az