Azərbaycan üçün MDB hələlik nostalji qurum deyil, tranzit və mədəniyyət bazarıdır
Azərbaycan üçün MDB hələlik nostalji qurum deyil, tranzit və mədəniyyət bazarıdır
13.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı bir cümlə ilə ifadə olunsa, belə səslənər. Azərbaycan MDB-ni praktik fayda platforması kimi görür. Prezidentin çıxışında Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə görə təşəkkür etməsi sadə protokol deyil. Bu, Azərbaycanın apardığı ağıllı yumşaq güc strategiyasıdır.

Mesaj belədir ki, biz Qarabağı münaqişə məkanı kimi yox, mədəniyyətlə, bərpa ilə təqdim edirik. Ötən il Laçında keçirilən tədbirlərə gələn MDB qonaqları dağıntını yox, dirçəlişi gördü. Yəni Azərbaycan işğal tarixini bağlayıb, artıq bərpa və inteqrasiya tarixini yazır. Və bunu MDB platformasında legitimləşdirir. MDB-nin mədəniyyət paytaxtı adətən siyasi olmayan, amma simvolik şəhərlərə verilir. Laçının seçilməsi MDB-nin Azərbaycanın ərazi bütövlüyünü və Qarabağda apardığı quruculuğu tanıması idi. Prezidentin III MDB Oyunlarının 7 şəhərdə eyni vaxtda keçirilməsi barədə dediyi detal da vacibdir. Azərbaycan deyir ki, mən artıq Bakıda yarış keçirən ölkə deyiləm, mən regional idman infrastrukturuna malik ölkəyəm. Bu, Prezidentin tez-tez vurğuladığı "idman hüdudlarından kənara çıxır" tezisidir. MDB məkanında siyasi münasibətləri gərgin olan ölkələr var. Amma idman körpüsü işləyir. Azərbaycan bu körpünün sütunlarından biri olmaq istəyir. Bu, həm də 2027-ci ildəki sədrliyə hazırlıqdır. Çıxışda əsas məslələrdən biri də tranzit və logistikadır. Prezident İlham Əliyevin çıxışının ən pragmatik hissəsi rəqəmlərdir. 2026-cı ilin ilk 6 ayında Azərbaycan üzərindən tranzit 10% artaraq 8 milyon tona çatıb. Hədəf Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə 15 milyon tona çatdırmaqdır. Bu, MDB üçün ən vacib mesajdır. Niyə? Çünki MDB ölkələrinin çoxu dənizə çıxışı olmayan ölkələrdir. Qazaxıstan, Özbəkistan, Türkmənistan öz məhsulunu dünyaya çıxarmaq üçün yola möhtacdır. Rusiya sanksiyalar üzündən Şimal-Cənub dəhlizinə möhtacdır. Azərbaycan deyir ki, mən bu dəhlizləri sıfırdan qurmuşam. Bakı-Tbilisi-Qars, Ələt limanı, Zəngəzur dəhlizinin gələcəyi, Xəzərdə bərə donanması bunlar hamısı MDB-nin yükü üçün hazırdır. Yəni Azərbaycan MDB-yə ideologiya yox, yol təklif edir. Bu, Azərbaycanın xarici siyasətinin dəyişməz xəttidir. Geopolitik qarşıdurmalara girmə, tranzitdən qazan. Prezidentin 2027-ci ildə həmsədrliyə görə təşəkkür cümləsi əslində proqram bəyanatıdır. Azərbaycan MDB-yə 2027-ci ildə sədrlik edəcək. Bu nə deməkdir? Azərbaycan MDB-nin gündəliyini müəyyən edəcək. Və Prezident İlham Əliyev indidən gündəliyi açıqladı. Mədəniyyət, humanitar istiqamət, idman və logistika. Yəni Azərbaycan MDB-ni yenidən Rusiya-Ukrayna müharibəsinin müzakirəsi klubuna çevirmək istəmir. Əksinə, təşkilatı depolitizasiya edib, iqtisadi-humanitar birliyə çevirmək istəyir. Bu, həm Mərkəzi Asiya, həm də Azərbaycan üçün ən təhlükəsiz modeldir. Yəni Prezident İlham Əliyevin çıxışından belə başa düşmək olur ki, Azərbaycan üçün MDB hələlik nostalji qurum deyil, tranzit və mədəniyyət bazarıdır. Laçın vasitəsilə simvolik legitimlik, idman vasitəsilə yumşaq güc, yol vasitəsilə isə real pul qazanmaq. Bu, 35 yaşlı MDB üçün ən rasional gələcək modelidir.

Şöhrət El-Dəniz

visiontv.az