4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 3- cü cild. İYİRMİ ÜÇÜNCÜ HİSSƏ
Tikilsə damın uca, ora çıxarmı qoca?
Boya boy verir qoca, qoca damdan da uca.
***
Bostançı, var bostanın, sat, bazarın babatdır,
Əlində ixtiyar var, əməli düzə çatdır.
***
Yol var, yollardan uzun, ömür var, yoldan uzun,
Elə ömür gördüm ki, ölüm ömürdən uzun.
***
"Hisləri sahibsizsə", insan olur qayğısız,
Ayaq üstə durmaq istəyən neylər ayaqsız?
***
Əyildikcə əyilir qeyrətini itirən,
Əzildikcə bərkiyir vicdandan əl üzməyən.
***
Vicdandan əl üzənlər əyiləndə düzəlməz,
Vicdanı unutmayan əyri bir yola dönməz.
***
Kimin pisliyi dildə, kiminki əməlində,
Pislik edəndən uzaq dur, olmazsan fövqündə.
**
Hər canlı maşına bənzər, həm içi, həm çölü,
Canlısı can alandır, təkcə məsumdur ölü.
***
Olmasaydı dünyada yaxşı ilə pis fərqi,
Dil, göz söz axtarardı, anlaya bilə fərqi.
***
Şüfrəyə gül qoyurlar daha gözəl görünsün,
Ürəyin şad deyilsə, o gül çətin öyünsün.
***
Ətraf dolu insanla, çoxu tək və tənhadır.
Çünki insanlar yaxın, "insanlıq"uzaqdadır.
***
Doyumsuzdur insanlar aldığı hər bir daddan,
Var olandan çox yeyir, göz doymur yenə daddan.
***
Allaha inamında varsa bir azca "bəlkə",
Özün alim olsan da, ağlın böyüməz yekə.
***
Bu həyatda olsaydı əgər ömür ağacı,
Hansı ağac yaşılsa, hamı baxar qıyqacı.
***
İnsanın zinətidir, gər olsa işgüzarlıq,
İş olmasa, alim də edər bir gün aşpazlıq.
***
Başmaq cırılsa da, gərək yorulmasın ayaq,
Məqsədə gedən yolda başa o olur dayaq.
***
Əgər desən ki, yoxdur bu dünyada xeyirxah,
Onda sən bir dayanıb diqqətlə qəlbinə bax.
***
Əcəl atını sürür, nə dəcəldir bu əcəl,
Ya yorğan-döşəkdə, iş başında xəcil edər.
***
Əzizlə acizləri, bəzən bu da gərəkir,
Çünki güclü həm özün, həm özgə yükün çəkir.
***
Bu dünya bazarı da yaman olub bahalı,
Kimdə iman yoxdur, ləllə dolub xaralı.
***
Mənasız bir ömür deyilən heç zaman olmur,
Kimin özü, ya kimsə bu hala səbəb olur.
***
Yaş olsa işə uyğun, canın da olmaz yorğun,
Şələ alsan belinə, ümid ola dizinə.
***
Çox təcrübə qazansan sevdiyin bir peşədən,
Onda xeyir görərsən qərar verdiyin işdən.
***
Bir əcəlin son nöqtəsi qoyulmasa hərgah,
O kəsin son nəfəsi canın tərk etməz, İllah.
***
Dağ dalanda fikirə, duman dolur fikirə,
Dağ dözəndə bu hicrə, o da dözür bu cəbrə.
***
Dağ da əl atır səbrə, səbrli gec gedər qəbrə,
Səbirsizlik edənlər düşərlər özgə fikrə.
***
Yol olsa uzun-uzun, gedən görəcək sonu,
Öz yerində dayansan, nə əvvəli, nə sonu.
***
Buzovu bağlasan sən, gərək qulluq edəsən,
O çəkdiyi cəfanı onunla bir çəkəsən.
***
Bir ömür yaşasa da, hərə bir cür yaşayır,
Kimi özü yaşayır, kimi özgə daşıyır.
***
Başmağı dar olanın öz ayağı ağrıyır,
Özgə halına yansan, qəlbin onla ağlayır.
***
Varsa gözün önündə həyatdan küsən biri,
O kəs sanki ölüdür, nəfəsi qalıb diri.
***
Bu həyat bağçasının çoxdur gülü, gülşəni,
Könlünü xoş edəmmir ora hər bir gələni.
***
Ol özünə aşina, bəla gəlməz başına,
Yoxsa görəcəksən ki, su qatdılar aşına.
***
Sözə baxan olmasa, şah əl atar şeypura,
İşi düz gətirməsə, qıçı düşər çuxura,
***
Oğul naxələf çıxsa, ümid qalar kor qiza,
Qazanda yemək yoxsa, ümid qalar qarpıza,
***
Yoxsa sözün kəsəri, olmaz onun bəhəri,
Atı çapmaq istəsən, gərək ola yəhəri.
***
Sevgidə var iki yol, biri sədaqət yolu,
Gedənlər vəfalısa, geri dönür o yolu.
***
Hər yaşın öz gözəlliyi, gərək onu biz bilək,
Yaş vermirsə özəllik, biz ondan nə gözləyək?
***
Uşaqsan uşaqikən, cavansan cavanikən,
Elə də gənclər var ki, qocalır ta gəncikən.
***
Oğul çıraq yandırır, istisi can qızdırır,
Qəlbi gözəl olsa, hamı başına yığılır.
***
Qızın yarın, yoldaşın, ocağın, həm aşın,
Qızın olmasa əgər, yüz oğulla tənhasın.
***
Oğul noğul, oğul doğ, düşmənin həvəsin boğ,
Oğulsuz olsa damın, hürüyən it olar çox.
***
Qəlb pərişan olanda, qəlb qırıq qəlb daşına,
Qəm yığılsa başına, bəla olar başına.
***
Ömür gəldi-gedərdi, qədər bizə belədi,
Kimə nə oldusa, bil, öz-özünə elədi.
***
Tale nədir, nədir bəxt, sənə həyandır hər vaxt,
Ya qaldırır göylərə, gah da çırpar yerə baxt.
***
Bəzən çirkin bildiyin, gözəli yada salar,
Elə gözəl vardır ki, çirkindən betər olar.
***
Bir damcı kim işlətsə bir özgənin ətrindən,
Üzünü görməsən də, tapırsan o ətrindən.
***
Damından gəlsə tüstü, o da həyat rəmzidir,
Ocaq yanmasa, gözlə, tüstü onun əzmidir.
***
Balışla bir yastığın fərqi olduğu qədər,
Qanda olsa nə qədər, onlar qədər dəyişər.
***
Kədərdən axır sevinc, bacar onu seçməyə,
Nifrətə məhəl qoyma, üzün çevir sevgiyə.
***
Üz-gözünü bəzərsən bir məclisə gedəndə,
Söz-söhbəti də bəzə, barı üst-üstə düşə...
Xalidə Hicran
visiontv.az