Ruhullah Xomeyninin 6 yanvar 1988-ci il tarixli məktubunda açıq şəkildə bildirilir ki, hökumətin hökmü (qərarı) bütün digər dini hökmlərdən üstündür.
Xomeyni namaz, oruc və həcc də daxil olmaqla, ikinci dərəcəli dini hökmlərin hökumətin qərarlarından aşağı olduğunu bəyan edir.
Onun mövqeyinə görə, hökumət zəruri hesab etdiyi təqdirdə, hətta həccin yerinə yetirilməsini belə durdura bilər.
Ruhulla Xomeyninin Əli Xameneiyə məktubu — 6 yanvar 1988-ci il
Mövzu: İslam hökumətinin səlahiyyətləri
Allahın adı ilə!
Hörmətli cənab Höccətül-İslam Seyid Əli Xamenei, İslam Respublikasının möhtərəm prezidenti!
Salam və ehtiramımı bildirirəm.
Hazırkı həssas vəziyyətdə mübahisəyə girmək istəmirəm. Hesab edirəm ki, belə şəraitdə susmaq daha münasibdir. Əlbəttə, söylədiklərimizə və etdiklərimizə heç kimin etiraz etmək hüququnun olmadığını düşünməməliyik. Tənqid, hətta nöqsanların göstərilməsi də insanların inkişafı üçün ilahi nemətdir. Lakin sizin məktubunuza və orada irəli sürülən tələbə cavab vermədən susmağı düzgün hesab etmədim. Buna görə də fikrimi qısa şəkildə bildirəcəyəm.
Cümə namazındakı çıxışınızdan belə görünür ki, siz Allah tərəfindən Peyğəmbərə verilmiş mütləq hakimiyyət anlayışını İslamın ən mühüm hökmlərindən biri və digər ilahi dini hökmlərdən üstün prinsip kimi qəbul etmirsiniz.
Mənim hökumətin səlahiyyətlərinin ilahi qanunlar çərçivəsində olması barədə danışdığımı söyləməyiniz isə fikirlərimə tamamilə ziddir.
Əgər hökumətin səlahiyyətləri yalnız ikinci dərəcəli dini hökmlər çərçivəsində olsaydı, İslam Peyğəmbərinə verilmiş ilahi hakimiyyət və mütləq vilayət anlayışı mənasız və məzmunsuz bir anlayışa çevrilərdi.
Bunun hansı nəticələrə gətirib çıxaracağını göstərmək istəyirəm. Məsələn, yol çəkmək üçün evin və ya torpağın bir hissəsinin zəbt edilməsi ikinci dərəcəli dini hökmlər çərçivəsinə daxil deyil. Hərbi xidmətə çağırış, insanların cəbhəyə göndərilməsi, xarici valyutanın və malların ölkəyə giriş-çıxışının məhdudlaşdırılması, bəzi istisnalar xaricində möhtəkirliyin qadağan edilməsi, gömrük rüsumları və vergilər, qiymətlərin tənzimlənməsi, narkotik maddələrin yayılmasının qarşısının alınması, alkoqoldan istifadə istisna olmaqla, asılılığın qarşısının alınması, silah gəzdirmənin məhdudlaşdırılması və hökumətin səlahiyyətlərinə aid yüzlərlə başqa məsələ də sizin izahınıza əsasən bu çərçivədən kənarda qalardı.
Bununla bağlı yüzlərlə başqa sual da ortaya çıxa bilər.
Mən bildirməliyəm ki, Allah Rəsulunun mütləq vilayətinin bir qolu olan hökumət İslamın ilkin hökmlərindən biridir və namaz, oruc və həcc də daxil olmaqla bütün ikinci dərəcəli dini hökmlərdən üstündür.
Hökmdar yol çəkilişi zəruri olduqda yolun üzərində yerləşən məscidi və ya evi sökə, əvəzində mülkiyyət sahibinə kompensasiya ödəyə bilər. Zərurət yarandıqda məscidi bağlaya, zərərli hesab edilən fəaliyyət mənbəyinə çevrilmiş məscidin zərərini başqa yolla aradan qaldırmaq mümkün olmadıqda onun sökülməsinə qərar verə bilər.
Hökumət İslamın və ölkənin mənafeyinə zidd olduğu halda, insanlarla bağlanmış dini müqavilələri birtərəfli qaydada ləğv edə bilər. O, İslamın mənafeyinə zidd olan istənilən işi — istər ibadətlə bağlı olsun, istərsə də başqa sahəyə aid olsun — həmin ziddiyyət mövcud olduğu müddətdə qadağan edə bilər.
Hökumət ölkənin mənafeyinə zidd olduğu hallarda mühüm dini vəzifələrdən biri olan həccin icrasını müvəqqəti dayandıra bilər.
İndiyə qədər deyilənlər mütləq ilahi vilayətin mahiyyətini anlamamaqdan irəli gəlir. Bəzi şəxslərin iddia etdiyi kimi, bu səlahiyyətlər nəticəsində əkinçilik və sərmayə ortaqlığına aid müqavilələr aradan qalxacaqsa, mən açıq şəkildə bildirirəm ki, belə qərarlar da hökumətin səlahiyyətlərinə daxildir.
Bu məsələlərdən daha mühüm mövzular da var, lakin sizi onlarla yormaq istəmirəm.
Allahın iradəsi ilə, məqsədi İslama xidmət etməkdən başqa bir şey olmayan sizin kimi şəxsləri Öz himayəsində saxlasın.
Ruhullah əl-Musəvi Xomeyni
6 yanvar 1988-ci il
Sadiq İsabəyli
visiontv.az