Rəsmi Bakı: Rusiyanın dövlət kanalında Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi yolverilməzdir
08.05.2026

6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan “1-ci” kanalın “zaman göstərər” (“vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi  Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq  Rusiya Federasiyası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

“Rusiya tərəfindən  Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi  Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması  Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir.

Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir”, - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, 6 may tarixində Rusiya dövlət televiziyası olan "1-ci" kanalın "zaman göstərər” (“vremya pokajet") verilişində  Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib. Xəritədə "Dağlıq-Qarabağ" adlandırılan ərazi yerləşdirilib.

visiontv.az