Məlikanlı ictimai fəalın həyatı təhlükədədir
08.05.2026

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərinin Təbii Sərvətlər İdarəsinin əməkdaşı olan Əkbər Əziminin həbsinin üstündən 1 ay keçməsinə baxmayaraq onun barəsəində məlumat əldə etmək mümkün olmur.

Bu barədə insan haqları təşkilatları məhbusun ailəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Əziminin harada saxlanıldığı və nədə ittiham olunduğu barədə ailəsinə məlumat verilmir.

"Bu müddət ərzində onun yaxınlarının müraciətlərinə baxmayaraq, dövlət qurumları məhbusun talei, saölamlıq vəziyyəti barədə açıqlama verməkdən imtina edib, onunla görüş və telefon danışığına icazə verməyiblər",- məlumatda qeyd olunub.

Hüquq müdafiəçiləri bildiriblər ki, buna görə də, Əkbər Əziminin ailəsi onun işgəncə edildiyini, həyatının təhlükədə olduğunu düşünürlər.

Qeyd edək ki, Əkbər Əzimi ölkədə mövcud iqtisadi böhran və məişət problemləri barədə tənqidi çıxışlarına görə aprelin 4-də həbs edilib.

visiontv.az