"Türk Mətbəxi Həftəsi - 2026"nın mövzusu açıqlanıb
08.05.2026

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsində təşkil olunan "Türk Mətbəxi Həftəsi - 2026"nın mövzusu "Bir süfrədə miras" ("The Heritage Table") olaraq müəyyənləşib.

 Bu il beşinci dəfə keçiləcək Türk Mətbəxi Həftəsi hər il mayın 21-27-də həm Türkiyədə, həm də dünyanın müxtəlif ölkələrində qeyd olunur.

Tədbirlər ölkənin bütün bölgələrində, eləcə də dünyanın müxtəlif dövlətlərində fəaliyyət göstərən Türkiyə diplomatik nümayəndəlikləri və mədəniyyət mərkəzlərində təşkil olunacaq.

"Bir süfrədə miras" mövzusu türk mətbəxinin yalnız dadlardan ibarət olmadığını, eyni zamanda xatirələri, ailə dəyərlərini, ənənələri və ortaq mədəni yaddaşı özündə birləşdirdiyini ön plana çıxarır. Layihə çərçivəsində iştirakçılara süfrələrin sadəcə yemək paylaşmaq üçün deyil, həm də nəsillərarası bağları qoruyan mühüm mədəni platforma olduğu mesajı veriləcək.

"Birgə olmağın ən qədim dili süfrədir" mesajı builki konsepsiyanın əsas ideyasını təşkil edir. Mövzunun əsas çağırışında vurğulanır ki, yemək insanları zaman və məkan sərhədlərini aşaraq bir araya gətirən ən güclü mədəni bağlardan biridir.

"Bir süfrədə miras" konsepsiyası üç əsas istiqamət üzərində qurulub. "Dialoq" anlayışı süfrəni fərqli dövrlərin və mədəniyyətlərin ortaq mənalar yaratdığı platforma kimi təqdim edir. "Transformasiya" bölməsi reseptlərin və kulinariya yaddaşının nəsildən-nəslə ötürülməsini ön plana çıxarır. "Arxiv" yanaşması isə mətbəxi yazılmamış tarixin ən etibarlı yaddaşı kimi xarakterizə edir.

Türk Mətbəxi Həftəsi boyunca keçiriləcək tədbirlərdə ənənəvi reseptlər, regional ləzzətlər və əsrlərdən bu günə daşınan kulinariya irsi beynəlxalq auditoriyaya təqdim olunacaq.

Proqram çərçivəsində bir sıra xüsusi tədbirlərin təşkili də planlaşdırılır. "Ortaq süfrə" axşamları çərçivəsində insanların bir araya gəlməsini simvolizə edən uzun süfrə formatlı kollektiv şam yeməkləri keçiriləcək. Türk aşpazlarla xarici ölkələrdən olan şeflərin birgə hazırlayacağı xüsusi menyular və kulinariya görüşləri təşkil olunacaq.

Bununla yanaşı, yuxa açılması, keşkək və təndir üsulu ilə bişirmə, açıq odda qril kimi qədim bişirmə metodlarını əhatə edən ustad dərsləri keçiriləcək. "Ləzzət arxivi" layihəsi çərçivəsində tarixi reseptlər, qədim inqrediyentlər və ənənəvi texnikalar təqdim olunacaq, xüsusi dadım proqramları təşkil ediləcək. "Canlı reseptlər qrxivi" layihəsi isə miqrasiya və məskunlaşma proseslərinin təsiri ilə formalaşmış yeməkləri və bölgələrə görə dəyişən kulinariya xüsusiyyətlərini sənədləşdirəcək.

"Türk Mətbəxi Həftəsi - 2026" çərçivəsində ön plana çıxarılacaq yeməklər türk mətbəxinin zəngin mədəni irsini və yüksək kulinariya ənənələrini əks etdirir. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən keşkək paylaşma mədəniyyətinin və kollektiv zəhmətin simvolu kimi təqdim olunur.

Türk mətbəxinin dünyaca məşhur desertlərindən olan paxlava isə ustalıq ənənəsini və nəsillər boyunca ötürülən kulinariya mirasını təcəssüm etdirir.

Mantı müxtəlif bölgələr arasında mədəni əlaqələri və köçlərin mətbəxə təsirini əks etdirən yeməklər sırasında yer alır. Dolma ortaq kulinariya dilinin regionlara görə necə fərqli formalar aldığını nümayiş etdirir. Halva isə həmrəylik, paylaşım və xatirə anlayışları ilə əlaqələndirilir.

Türk Mətbəxi Həftəsi ilə bağlı menyular, reseptlər, ənənəvi texnika videoları, posterlər və sosial media materialları daxil olmaqla bütün rəsmi resurslar turkishcuisineweek.com saytında təqdim olunur.

visiontv.az