Sosial şəbəkələrin kosmik seqmenti "Blue Origin" şirkətinin "New Glenn" raketinin yerüstü sınaqlar zamanı partlamasını müzakirə edir. İlk baxışdan bu, milyarderlər yarışında Bezosun İlon Maska növbəti məğlubiyyəti kimi görünə bilər. Amma reallıq daha dərindir və Vaşinqtonu ciddi şəkildə düşündürür.
Bu qəza niyə təkcə bir şirkətin yox, bütöv bir sənayenin böhranıdır? Bir neçə mühüm analitik məqamı qeyd etmək istəyirəm...
1. Problem uçuşda deyil, yerdədir (və bu, daha pisdir):
Raket havada partlasaydı, bu, standart sınaq itkisi sayılardı. Lakin "New Glenn" birbaşa start kompleksində, atəş sınaqları zamanı partlayıb. "Ars Technica"nın məlumatına görə, infrastruktur tamamilə məhv olub. "Blue Origin"in ehtiyat meydançası yoxdur. Bu isə o deməkdir ki, yeni kompleksin tikintisi və ya bərpası ən azı 1 il çəkəcək. Bütün qrafiklər alt-üst oldu.
2. "Hazır sistem" illüziyası darmadağın oldu:
"New Glenn" artıq kosmik sənayedə "yetkinləşmiş" layihə hesab olunurdu. Şirkət NASA, Amazon və digər nəhənglər üçün az qala hər ay buraxılışlar etməyi planlaşdırırdı. İndi bu kommersiya müqavilələri dondurulma təhlükəsi altındadır.
3. NASA-nın "Artemis" (Aya qayıdış) proqramı iflic ola bilər:
Əsas zərbə Ay proqramına dəydi. NASA-nın böyük ümidlər bəslədiyi "Blue Moon" Ay modulu məhz "New Glenn" raketi üçün layihələndirilib. Modulu başqa raketə uyğunlaşdırmaq nəzəri olaraq mümkündür, amma praktikada bu, illərlə vaxt və milyardlarla dollar deməkdir. "Artemis" missiyasının müddətlərinin təxirə salınması artıq qaçılmaz görünür.
Ən böyük təhlükə: SpaceX-in inhisarçılığı
NASA-nın strategiyası Ay proqramında iki fərqli tədarükçüyə ("Blue Origin" və "SpaceX") arxalanmalı idi ki, risklər sığortalansın. İndi "Blue Origin" oyundan kənar qaldı. Bəs meydanda tək qalan "SpaceX" nə vəziyyətdədir? Onların da Ay üçün nəzərdə tutulan "Starship" versiyası hələ ki, internetdəki gözəl renderlərdən və animasiyalardan o tərəfə keçməyib, real tərəqqi çox ləng gedir.
Bu qəza təkcə Bezosun cibinə və nüfuzuna ziyan vurmadı. Bu partlayış NASA-nı və ABŞ kosmik sənayesini tamamilə İlon Maskın ümidinə buraxdı. Əgər "SpaceX" də yaxın vaxtlarda "Starship"i hazır edə bilməsə, Ağ Ev ABŞ-ın Aya qayıtmaq strategiyasını tamamilə sıfırlayıb yenidən yazmalı olacaq.
Kosmos səhvləri bağışlamır – istər dövlət layihəsi olsun, istərsə də dünyanın ən zəngin adamının şirkəti.
İbrahim Nəbioğlu
visiontv.az