Kahının içərisində 22 kq marixuananı gizlədib daşıyanlar ifşa edildilər
02.06.2026

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

"Cənub-Astara" gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına kahı yükü apardığı bəyan edilmiş nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və məhsulun içərisində şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlama aparılıb.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzəriləri kahı ilə örtülən 191 ədəd bağlamadan xalis çəkisi 22 kiloqram 565 qram külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

visiontv.az