Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya və Almaniyanın yüksək vəzifəli rəsmiləri İsrailin Livandakı son quru əməliyyatı ilə bağlı narahatlıqlarını bildiriblər. Onlar mayın 31-də "Hizbullah"ın İsrail ərazisinə hücumlarını da pisləyiblər. İranın dəstəklədiyi "Hizbullah" Livanın cənubunun böyük hissəsinə nəzarət edən silahlı qruplaşma, həm də siyasi partiyadır. ABŞ onu terror təşkilatı hesab edir, Avropa İttifaqı isə yalnız silahlı qanadını qara siyahıya salıb.
Makron deyib ki, "Livanın cənubunda genişmiqyaslı eskalasiyanı heç nə əsaslandıra bilməz". O, döyüşləri birdəfəlik dayandırmağa çağırıb. "Fransa Livan hakimiyyətinə dövlətin suverenliyinin və ölkənin ərazi bütövlüyünün bərpası yönündə dəstəyini davam etdirəcək", – o, X sosial şəbəkəsində yazıb.
Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper X-də bildirib ki, "İsrailin Livandakı hərbi eskalasiyası mülki şəxslərin ölümünə və didərgin düşməsinə, infrastrukturun dağıdılmasına və diplomatiya imkanlarının zəifləməsinə səbəb olub". Kuper bu gərginliyin dərhal dayandırılmalı olduğunu vurğulayıb: ""Hizbullah" İsrailə hücumları dayandırmalı və silahı yerə qoymalıdır. Bütün tərəflər atəşkəsə hörmət etməli, danışıqlarda vicdanla iştirak etməlidir".
Almaniyanın xarici işlər naziri Yohann Vadeful da İsrail və "Hizbullah"ı apreldə elan edilən, lakin sonradan tez-tez pozulan atəşkəs şərtlərinə əməl etməyə çağırıb. O, İsrail ordusunun Livanın cənubuna doğru irəliləməyi davam etdirməsinin ciddi narahatlıq doğurduğunu vurğulayıb.
BMT Təhlükəsizlik Şurası iyunun 1-də İsrailin Livandakı əməliyyatlarını genişləndirməsi ilə bağlı təcili iclas keçirəcək. Bunu AFP diplomatik mənbələrə istinadla yazıb. İclasın keçirilməsini Fransa istəyib.
Livanın Səhiyyə Nazirliyi bildirib ki, mayın 31-də səhər saatlarında ölkənin cənubuna İsrailin zərbəsindən azı səkkiz nəfər həlak olub. Ölənlərdən üçü qadındır. Daha 19 nəfər yaralanıb, onların arasında beş uşaq və altı qadın da var.

İsrailin baş naziri Binyamin Netanyahu ordunun Bofor qalasını ələ keçirməsindən sonra Livanın dərinliklərinə irəliləməyə davam edəcəklərini bildirib. Netanyahu bunu "Hizbullah"a qarşı mübarizədə "dramatik dönüş" adlandırıb. İsrailin müdafiə naziri İsrael Kats isə hərbçilərin Qalaət əl-Şaqif kimi tanınan Bofor qalası üzərində İsrail bayrağını qaldırdıqlarını bəyan edib. Onun sözlərinə görə, bu məntəqə Qalileya bölgəsindəki yaşayış məntəqələrinin müdafiəsi, İsrail qüvvələrinin təhlükəsizliyi baxımından ən mühüm strateji nöqtələrdən biridir.
İsrail ordusu quru əməliyyatlarının Livanın cənubundakı yeni ərazilərə genişləndirildiyini və qüvvələrin bölgədəki mövqelərini gücləndirmək məqsədilə Litani çayını keçdiyini açıqlayıb. Ordunun məlumatına görə, bu addımın əsas məqsədi "irəli müdafiə xəttini" genişləndirməkdir. Bofor uzun illər mühüm hərbi-strateji əhəmiyyət daşıyıb. İsrail qüvvələri Livanın cənubunu 18 il işğal altında saxlayıb və bu qaladan hərbi baza kimi istifadə edib. İşğal 2000-ci ildə başa çatıb.
"Reuters"in məlumatına görə, Netanyahu Beyrutun cənub ətraflarına zərbə endirilməsi barədə orduya göstəriş verib. Söhbət "Hizbullah"ın əsas dayaq məntəqələrindən biri sayılan Dahiyə bölgəsindəki hədəflərdən gedir.
"Hizbullah" isə Bofor qalası yaxınlığında İsrail qüvvələrini, həmçinin İsrailin şimalındakı Şlomi və Nəhariya şəhərlərində hərbi mövqeləri və infrastrukturu hədəfə aldığını bildirib. Akko bölgəsində hava həyəcanı verilib. İsrail ordusu həmçinin Zahrani çayının cənubunda yaşayan mülki şəxslərə dərhal çayın şimalına çəkilmələri barədə xəbərdarlıq edib. Ordu "Hizbullah"a qarşı əməliyyatların gücləndirildiyini bildirib.
İsrail və İranın dəstəklədiyi "Hizbullah" arasında atəşkəs rəsmi olaraq aprelin 17-də qüvvəyə minib. Amma tərəflər bir-birini pozuntularda ittiham edib, razılaşma faktiki işləməyib. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bəri İsrailin hücumları nəticəsində azı 3 min 371 nəfər həlak olub.

ABŞ dövlət katibi Marko Rubio Livan prezidenti Jozef Aun və İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıb. Vaşinqton bu iki ölkə arasında gərginliyi azaltmağa çalışır.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi mayın 31-də deyib ki, Vaşinqton gərginliyin azaldılması üçün "aydın ardıcıllıq" təklif edib: ""Hizbullah" İsrailə qarşı bütün hücumları dayandırmalıdır. Bunun qarşılığında İsrail Beyrutda əməliyyatlarını genişləndirməkdən çəkinəcək. Bu, gərginliyin mərhələli şəkildə azaldılmasına, hərbi əməliyyatların dayandırılmasına imkan verəcək".
Rəsmi bildirib ki, "Hizbullah" Livan xalqının deyil, İranın maraqlarına uyğun hərəkət edir. Onun sözlərinə görə, Tehran Livanda qeyri-sabitliyin qalmasını istəyir ki, sonradan böhranın həllində rol oynadığını iddia edə bilsin.
"ABŞ İsrailin terror təşkilatının mülki əhaliyə davamlı hücumlarına dözəcəyini gözləmir", – rəsmi qeyd edib. "Hər iki tərəfdə mülki əhalini qorumağın və gərginliyi azaltmağın ən sürətli yolu "Hizbullah"ın atəşi dərhal dayandırmasıdır", – o əlavə edib.
visiontv.az