Yosunlardan gözün torlu qişasına və ya tibb üzrə Nobel mükafatı bu il kimə və nəyə görə verilib?
08.10.2026

Bu il Tibb üzrə Nobel mükafatını alan alimlər Peter Hegemann, Georg Nagel və Karl Deisseroth mükafata optogenetika sahəsində etdikləri kəşflərə görə layiq görülüblər.

Bu alimlərdən ikisi Peter Hegemann və Georg Nagel illər öncə yosunlarda işığın təsiri ilə aktivləşən ion kanalı zülallarını kəşf edərək onların hüceyrələri işığa həssas hala gətirə bildiyini göstəriblər. Karl Deisseroth isə bu üsulu sinir hüceyrələrinə tətbiq edərək neyronların işıq vasitəsilə aktivləşdirilə və idarə oluna bildiyini göstərib. Beləliklə, bu gün optogenetika adlandırdığımız texnologiyanın əsası qoyulub.

İşin ən maraqlı tərəfi isə bu kəşfin illər sonra gözün torlu qişasına qədər gəlib çıxmasıdır.

2021-ci ildə José-Alain Sahel və Botond Roskanın rəhbərlik etdiyi tədqiqatçılar bu üsuldan istifadə edərək Retinitis pigmentosa səbəbindən görmə qabiliyyətini demək olar ki, tamamilə itirmiş bir xəstədə görməni müəyyən qədər bərpa etməyi bacarıblar. Bunun üçün yosun mənşəli işığa həssas zülalın geni virus vektoru vasitəsilə xəstənin torlu qişasındakı ganglion hüceyrələrinə daxil edilib və həmin hüceyrələrin yenidən işığa reaksiya verməsi təmin olunub.

Yəni bir zamanlar yosunların işığa necə reaksiya verdiyini anlamaq üçün başlayan araşdırma əvvəlcə sinir hüceyrələrini işıqla idarə etməyə, daha sonra isə kor bir insanın müəyyən qədər yenidən görməsinə qədər gedib çıxıb.

Gördüyünüz kimi, yosunlardan başlayıb gözün torlu qişasında davam edən bu elmi kəşf səyahəti bəlkə də gələcəkdə indiyədək korluğa məhkum sayılan minlərlə xəstənin gözünə yenidən işıq olacaq.

Elmin olduğu yerdə qaranlıq ola bilməz!

Neandertal

visiontv.az