Azərbaycan hökumətinin həyata keçirdiyi repatriasiya tədbirləri çərçivəsində Suriyadan ölkəmizə gətirilən daha 13 vətəndaşımız (altı qadın, yeddi uşaq) Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müəssisədə onların ilkin tibbi müayinəsi aparılıb, eyni zamanda, sosial və psixoloji vəziyyətlərinin qiymətləndirilməsi məqsədilə zəruri dəstək tədbirləri göstərilib.
Hazırda repatriantların sosial reabilitasiyası istiqamətində işlər davam etdirilir. Reabilitasiya mərhələsi yekunlaşdıqdan sonra vətəndaşlar evlərinə yola salınacaqlar.
Qeyd edək ki, son illər ərzində ölkəmizə repatriasiya olunmuş 630-dan çox şəxs Sosial Xidmətlər Agentliyinin sosial reabilitasiya xidmətlərindən yararlanıb. Hazırda isə 85 repatriantla bağlı sosial reabilitasiya tədbirləri davam etdirilir.