Böyük Britaniyanın Baş naziri Kir Starmerin siyasi komandası parlamentin İcmalar Palatasının (aşağı palata) deputatı Endi Bernemin tərəfdarlarına işləri təhvil verməyə başlayıb. Bu, ölkədə hakimiyyətin ötürülməsinə hazırlıq getdiyini göstərir.
Bu barədə "The Guardian" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Lankaster hersoqluğunun kansleri (xüsusi tapşırıqlar üzrə nazir) Darren Cons artıq Bernemin komandasının əsas üzvlərindən olan Böyük Britaniyanın keçmiş nəqliyyat naziri Luiza Heyqlə görüş keçirib. Nəşr əlavə edib ki, iyunun 20-də Starmer və onun yaxın ətrafı baş nazirin istefası barədə elan edəcəyi çıxışın ilkin variantı üzərində işləməyə başlayıb. Eyni zamanda, qəzet qeyd edib ki, hökumət başçısı İcmalar Palatasına əlavə seçkilərdə qələbəsindən sonra Bernemlə hələ əlaqə saxlamayıb, halbuki açıq şəkildə onunla danışmaq istədiyini bəyan etmişdi.
Starmerin mümkün istefası ilə bağlı söhbətlər onun partiyadaşı, Böyük Mançester qraflığının meri vəzifəsini tutan Bernemin iyunun 18-də keçirilən İcmalar Palatasına əlavə seçkidə qələbəsindən sonra aktivləşib. Bu qələbə Bernemə hakim Leyboristlər Partiyasının sol qanadının dəstəyini itirmiş Starmerin liderliyinə meydan oxumaq imkanı verib.
Xatırladaq ki, Leyboristlərin lideri vəzifəsini yalnız parlament üzvü tuta bilər. Məhz buna görə də Bernem əvvəlcə İcmalar Palatasına seçilməyə məcbur oldu ki, sonra Leyboristlər Partiyasının liderinin və nəticədə ölkənin baş nazirinin dəyişdirilməsi prosedurunu işə sala bilsin. "The Times" nəşrinin bildirdiyinə görə, Bernem İcmalar Palatasındakı leyborist deputatların ən azı yarısının (200-dən çox siyasətçinin) dəstəyini qazanıb.
visiontv.az