Slovakiya parlamentinin sədri Xankəndidə yenidənqurma işləri ilə tanış olub
15.05.2026

Mayın 15-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşi başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Xankəndi şəhərinə səfər edib.

Xankəndi şəhərində, Ağdərə və  Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə  Xidmətinin ictimaiyyətlə əlaqələr  şöbəsindən  verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti  Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işləri ilə yaxından tanış olub.

Qonaqlara şəhərdə həyata keçirilən infrastruktur layihələri, yaşayış məhəllələrinin yenilənməsi, sosial obyektlərin bərpası və şəhərin müasir inkişaf konsepsiyası əsasında görülən işlər barədə məlumat verilib.

Nümayəndə heyəti şəhərin görməli məkanlarından biri olan Zəfər parkını da ziyarət edib. Burada qonaqlara  Azərbaycanın tarixi Qələbəsinin rəmzi olan parkın əhəmiyyəti barədə məlumat verilib. Sonra nümayəndə heyəti Qarabağ Universiteti, orda yaradılan müasir tədris infrastrukturu, auditoriyalar, kitabxana, laboratoriyalarla tanış olublar. Universitetin rektoru Şahin Bayramov ilə keçirilən görüş zamanı qonaqlar, ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq imkanları və regionda yüksək ixtisaslı kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat alıblar. Görüşdə Qarabağ bölgəsində həyata keçirilən bərpa və inkişaf proseslərinin təhsil sahəsinə verdiyi töhfələr xüsusi vurğulanıb.

visiontv.az