Sabir müsəlmanlardan niyə qorxurdu?
15.10.2026

Mirzə Ələkbər Sabirin məşhur misralarını xatırlayırsınız?

“Cin görürəm, şeytan görürəm, qorxmuram,

Harda müsəlman görürəm, qorxuram!”

Böyük şairimiz niyə belə yazırdı? Axı Sabir özü də müsəlman mühitində böyümüşdü.

Məncə, Sabirin qorxduğu müsəlmanlıq yox, din adı altında yayılan cəhalət, xurafat, fanatizm və zorakılıq idi.

Sabir elə həmin şeirdə qorxusunun səbəbini də açır:

“Fikrini qan-qan görürəm, qorxuram!”

Bax, əsas məsələ budur!

İnsan dindar ola bilər, ibadət edə bilər, dini mərasimlərdə iştirak edə bilər. Bu, onun şəxsi seçimidir.

Amma insanın düşüncəsinə fanatizm hakim kəsiləndə, başqasının fərqli yaşamasını qəbul etməyəndə, öz dini qaydalarını hamıya zorla qəbul etdirmək istəyəndə təhlükə başlayır.

Sabirin qorxduğu da belə bir düşüncə idi.

Üstündən yüz ildən çox vaxt keçib. Dünya elmə, süni intellektə, texnologiyaya doğru gedir.

Biz isə yenidən dini xurafatın, qadının geyiminə nəzarətin, dinin siyasətə çevrilməsinin yaratdığı suallarla üz-üzəyik.

Bu gün Sabirin sözlərini xatırlayanda bir şeyi anlamalıyıq:

Qorxmalı olduğumuz müsəlman insan deyil. Qorxmalı olduğumuz insanı düşünməkdən məhrum edən, zorakılığı müqəddəsləşdirən, zombiləşdirən fanatizmdir.

Çünki cəhalət din adı ilə danışanda daha da təhlükəli ola bilər.

Mirzə Cəlil, Sabir və digər maarifçilərimiz yüz il əvvəl bu düşüncəyə qarşı mübarizə aparırdılar.

Biz onların mübarizəsindən dərs çıxarmalıyıq.

İnsanların inancına hörmət edək, amma heç kimin öz inancını başqalarına zorla qəbul etdirməsinə razı olmayaq…

Elbəyi Həsənli

visiontv.az