Bakıda oktyabrın 15-də Azərbaycanın sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM/CICA) VII sammiti keçiriləcək.
Sammitdə üzv və müşahidəçi dövlətlərin, o cümlədən tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. Təşkilatda 28 üzv dövlət var. Azərbaycanla yanaşı Çin, Misir, Hindistan, İran, İsrail, Qazaxıstan, Pakistan, Fələstin, Cənubi Koreya, Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və Vyetnam kimi ölkələrin adını çəkmək olar. Müşahidəçi dövlətlər arasında isə Amerika Birləşmiş Ştatları da var. Göründüyü kimi, təşkilat üzvləri arasında bir-biri ilə gərgin münasibətlərdə olan ölkələr var. Bu amilin özü təşkilata və Bakıda keçiriləcək sammitə marağı artırır.
Kamboca Baş naziri Hun Manet, Laos Prezidenti Thonqlun Sisulit və Hindistan xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqhin artıq Bakıdadırlar. Kirti Vardhan Sinqh sosial şəbəkəsində bunları yazıb: “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəldim. Regional əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı etimadın formalaşdırılması, eləcə də Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin təşviqi məsələlərinə dair konstruktiv dialoq gözləyirəm”. Hindistanın dövlət nazirinin sammitlə yanaşı Bakıda müxtəlif görüşlər keçirəcəyini də proqnozlaşdırmaq olar. Hindistan-Ermənistan hərbi əməkdaşlığı Azərbaycanda narahatlıq yaratsa da, Bakı ilə Yeni Dehli arasında dialoq davam edir. Yeni Dehli Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin tam gücüylə işləməsində maraqlıdır. Hindistan bu dəhliz vasitəsilə Rusiya bazarına daha qısa məsafə ilə giriş imkanı qazanacaq. Ancaq bunun üçün İran daxilindəki nəqliyyat yollarının tikintisinə başlamaq zərurəti var.
Azərbaycana səfər edəcək qonaqlar arasında Çinin xarici işlər naziri Van İ də olacaq. Van İ Bakıdan sonra Xorvatiya, Monteneqro və Bolqarıstana da səfər edəcək. Van İ Bakıda sonuncu dəfə 7 il əvvəl olub. Çinin xarici işlər nazirinin Bakıdakı sammitdə iştirak etməklə yanaşı, Azərbaycan rəsmiləri ilə ikitərəfli əlaqələri və nəqliyyat layihələrin müzakirə edəcəyini proqnozlaşdırmaq olar. Pekin Orta Dəhlizə maraq göstərsə də, nəqliyyat yolunun “Tramp yolu”ndan keçən hissəsi barədə ehtiyatlı mövqe tutub. Azərbaycan rəsmiləri Çinin xarici işlər naziri ilə görüşdə Zəngəzur dəhlizinin Çin üçün faydalı olduğunu inandırmağa çalışacaqlar.
Elxan Şahinoğlu
visiontv.az