Şeyx tarixi bir müdriklik göstərərək, dövlətlə din arasında divar hörmədi, körpü saldı.
Son günlər Azərbaycanda elə bir oyun qurmağa çalışırlar ki, sonda mütləq dövlətlə dindar üz-üzə gəlsin. Bir tərəfdə məktəb forması, o biri tərəfdə hicab, ortada isə qışqıran sosial media.
Hamı gözləyirdi ki, Qafqaz Müsəlmanları İdarəsi də bu oyuna qoşulacaq, radikal bəyanat verəcək, dövlətlə qarşıdurma yaşanacaq. İran mediası bunun üçün manşetləri artıq hazırlamışdı.
Amma Şeyx Allahşükür Paşazadə Səbinə Ağayevanın “Vacib sual”ında 5 cümlə dedi və bütün planı pozdu.
Gəlin o 5 cümlənin şifrəsini açaq.
Bir. “Azərbaycanda din dövlətdən ayrıdır. Dövlətin qərarına müdaxilə yolverilməzdir.”
Bu, Azərbaycanda dinin ən yüksək rəsmi şəxsinin dediyi ən dünyəvi cümlədir. Şeyx əslində deyir ki, mən dindaram, amma mənim işim məsciddir, məktəb deyil. Məktəbə nazir qərar verir. Bu, İran modelinin tam əksidir. İranda din dövlətə müdaxilə edir, bizdə isə Şeyx özü deyir ki, müdaxilə olmaz.
Bu bir cümlə ilə Şeyx Qumun əlindən ən böyük arqumenti aldı.
İki. “Azərbaycanda hicaba qadağa qoyulmayıb.”
Bütün qalmaqalın kökü bu yalandaydı. "Hicab qadağan edildi!” Şeyx faktı ortaya qoydu. Qadağa yoxdur. Heç bir qadının küçədə, universitetdə, işdə hicab taxmasına qadağa yoxdur. Sadəcə məktəbdə hamı üçün eyni forma var. Şeyx bu yalanı rəsmi şəkildə təkzib etdi.
Üç. “Xarici və daxili güclər dövlətlə dindarlar arasında qarşıdurma yaratmağa çalışır.”
Bu, ən vacib fikir idi. Şeyx açıq dedi ki, ortada üçüncü qüvvə var. Kimdir onlar? Biri İrandır ki, Tasnim agentliyi ilə hər gün “Azərbaycanda İslam zülm altındadır” deyir. O biri Türkiyədəki bəzi dairələrdir ki, özlərindəki 188 milyardlıq fond qalmaqalını gizlətmək üçün “Azərbaycanda din düşmənçiliyi” axtarır. Daxildəkilər də aydındır, dini siyasətə alət edənlər.
Məqsəd nədir? Şeyx özü deyir ki, “Azərbaycanın qələbəsinə və inkişafına xələl gətirmək.” Yəni Qarabağ qələbəsindən sonra yaranan milli birliyi dağıtmaq.
Dörd. “Bu məsələ ağsaqqalların köməkliyi ilə həll oluna bilər.”
Şeyx bu fikirlə küçə variantını rədd etdi. Dedi ki, bu məsələ qışqırıqla, aksiya ilə, uşağı məktəb qapısında ağlatmaqla həll olunmaz. Ağsaqqal lazımdır. Yəni dialoq lazımdır. Bu, Azərbaycan modeli olan ağsaqqallıq institutuna çağırışdır. İranın küçə inqilabı modelinə yox.
Beş. “Dövlətə qarşı zor tətbiq etmək, zornan nəyəsə nail olmaq mümkün deyil.”
Bu, isə xəbərdarlıqdır. Şeyx radikal dindarlara, həm də xaricə mesaj verdi ki, Azərbaycan dövləti ilə zor dili ilə danışmaq olmaz. Bu dövlət 44 günlük müharibə qalibidir. Onu 10-15 nəfərlə məktəb qapısında şüarla qorxuda bilməzsiniz.
Bəs Şeyx niyə belə dedi?
Bəziləri deyəcək ki, Şeyx dövlətə yarınır. Xeyr.
Şeyx çox yaxşı bilir ki, əgər dövlətlə dindar üz-üzə gəlsə, uduzan dindar olacaq. Çünki Azərbaycan xalqı dünyəvidir. Xalq məscidə də gedir, amma övladının dünyəvi təhsil almasını da istəyir.
Şeyx həm də bilir ki, bu gün hicab davası adı altında dindarları küçəyə çıxaranlar sabah həmin dindarları atıb gedəcək. Qurban isə yenə azərbaycanlı dindar olacaq.
Ona görə Şeyx tarixi bir müdriklik göstərdi. O, dövlətlə din arasında divar hörmədi, körpü saldı. Dedi ki, biz birik, bizi ayırmaq istəyənlərə imkan verməyin.
Bu 5 cümlə əslində Azərbaycanın dövlət modelinin xülasəsidir: Din ayrı, dövlət ayrı, amma millət birdir.
Və bu modeli nə Tasnim poza bilər, nə də İstanbulda konsulluq qarşısında qışqıranlar.
Şöhrət El-Dəniz
visiontv.az