Yüz ildən çox əvvəl böyük maarifçimiz Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının məqsədini izah edərkən yazırdı:
“Molla Nəsrəddinin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməsi yolunda çalışmaqdır.”
Bax, diqqət edin! Mirzə Cəlilin mübarizəsi insanların dini inancına qarşı yox, cəhalətə, xurafata, insanı kölə vəziyyətinə salan adətlərə qarşı idi.
Mirzə Cəlil, Sabir, Axundzadə, Üzeyir Hacıbəyli və digər maarifçilərimiz bunun üçün ömürlərini sərf etdilər. Xalqımızın gözünü açmağa, onu elmə, təhsilə, tərəqqiyə çağırdılar. Böyük uğurlar da qazandılar.
İndi isə yüz ildən sonra həmin köhnə düşüncəni, həmin xurafatı yenidən cəmiyyətimizə qaytarmağa çalışan qüvvələr var.
Məsələ təkcə hicab deyil!
Məsələ dinin siyasi ideologiyaya çevrilməsi, insanların həyatının dini qaydalarla idarə olunması, nəticədə Azərbaycanda İran tipli şəriət rejiminin qurulması təhlükəsidir.
İranın müəyyən ideoloji dairələrinin Azərbaycandakı dini mübahisələrə fəal müdaxilə etməsi də təsadüf kimi görünmür. Xaricdən gələn bu çağırışların arxasında hansı siyasi maraqların dayandığını ciddi araşdırmalıyıq.
Amma bir şeyi unutmasınlar!
Azərbaycan yüz il əvvəl maarifçilərinin mübarizə apardığı cəhalətə geri dönməməlidir!
Bizim yolumuz İranın dini rejiminə yox, elmə, azadlığa, demokratiyaya və tərəqqiyə doğrudur.
Azərbaycanı yenidən xurafatın əsirinə çevirmək istəyənlər bilməlidirlər: bu xalqın böyük maarifçilik ənənəsi var və onu qorumaq bizim borcumuzdur!..
Elbəyi Həsənli
visiontv.az