Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gündə hansı əməlləri yerinə yetirməyimiz məsləhətdir?” İmam Sadiq (ə) cavab verdi: “Oruc tutun, Mühəmmədə və nəslinə çoxlu salavat göndərin, onlara zülm edənlərin əlindən Allaha bizarlıq (narazılıq) edin. Hər peyğəmbər öz vəsisinə (canişinlərinə) tapşırırdı ki, canişin təyin edildiyi günü bayram kimi keçirsin”. Ravi bu günün orucunun savabı haqqında soruşanda İmam buyurur: “Altmış ayın orucuna bərabərdir”.
Başqa bir hədisdə İmam Sadiq (ə) Qədir gününün orucunu altmış mübarək ayın orucuna tay tutur. “Məfatihül-cinan” kitabında Qədir gününün orucunun 60 illik günahları sildiyi, bir ömrlük oruca, 100 həccə və 100 ümrəyə bərabər olduğu yazılıb. Qədir günündə qüsl almaq, təzə və gözəl libaslar geyinmək, ətir vurmaq da çox bəyənilən işdir. Bir-biri ilə görüşən zaman bu duanı oxumağın böyük savabı var: “Əlhəmdü lillahilləzi cəələna minəl-mütəməssikinə bi-vilayəti Əmiril-mömininə vəl-əimməti əleyhimüs-səlam” (“Həmd olsun Allaha ki, bizi Əmirül-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”). Qədir günündə bu duanı da 100 dəfə təkrar etməyin savabı var: “Əlhəmdü lillahilləzi cəələ kəmalə dinihi və təmamə nimətihi bi-vilayəti Əmiril-mumininə Əliyyibni Əbitalibin əleyhis-səlam”. (“Həmd olsun Allaha ki, öz dininin kamilliyini və nemətlərinin tamamını Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissalamın vəlayətində qərar verdi”).
Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var. İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə, buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar. Qədir Xumm günü günorta vaxtı, kölgələr məğribə doğru qısalmağa başlamazdan yarım saat əvvəl iki rükət namaz qılmağın xüsusi savabı var. Əslində İmam Sadiqin (ə) buyurduğuna görə bu namazı günün istənilən vaxtında qılmaq olar, amma hicrətin 10-cu ilində hadisə məhz günün bu vaxtında baş verdiyi üçün, namazı da o zaman qılmağın savabı böyükdür. Namazın hər iki rükətində bir dəfə Fatihə surəsi, 10 dəfə İxlas surəsi, 10 dəfə ayətül-kürsi və 10 dəfə Qədr surəsi oxunur. Ardınca Həzrət Fatimənin (ə) təsbihi deyilir: 34 dəfə “Allahü əkbər”, 33 dəfə “Əlhəmdü lillah” və 33 dəfə “Sübhan Allah”. Bu namazı qılan adamın arzularını Allah yerinə yetirər.
Seyyid ibn Tavus “əl-İqbal” kitabında qeyd edir ki, hər kim Qədir günü ziyarətnaməni oxuyub müstəhəb namazı qıldıqdan sonra səcdəyə getsə, səcdədə 100 dəfə “əlhəmdü lillah” və 100 dəfə “şükrən lillah” söyləsə, sanki Qədir Xumm hadisəsində iştirak edib, Peyğəmbərlə və Əli ilə beyət etmiş kimi savab qazanar.
İmam Rza (ə) buyururdu ki, Allah-təala bu gündə mömin kişi və qadınların 60 illik günahlarını bağışlayar. Allah Qədir günündə üst-üstə Ramazan ayı, Qədr gecəsi və Fitr gecəsinə nisbətən iki dəfə artıq mömini cəhənnəm əzabından xilas edər (əlbəttə, bunlar həqiqi möminlərə və Qədir gününü layiqli ibadətlə keçirən insanlara aiddir). Qədir günündə sileyi-rəhim etmək, yəni qohumların görüşünə getmək, möminlərə hədiyyə vermək, ehsan etmək böyük savaba malikdir.
İmam Rza (ə) buyururdu ki, bu gündə edilən ehsanın hər dirhəmi savab cəhətdən başqa gündə edilən min dirhəm ehsana bərabərdir. Təsadüfi deyil ki, xalq arasında Qədir Xumm gününə seyidlərin bayramı deyirlər. Bu gündə seyidləri təbrik etmək, onlara kiçik də olsa hədiyyə aparmaq, ümumiyyətlə bir-birinin görüşünə getmək, möminlərin qəlbini sevindirmək tövsiyə edilib.
Qeyd edək ki, bu il Qədir Xumm bayramı iyulun 29-na təsadüf edir.
İslam.az