İrəvandan Tehrana mesaj: “Ermənistan İrana qarşı heç vaxt addım atmayacaq”
19.01.2026

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, Ermənistan heç vaxt İrana qarşı yönəlmiş proseslərdə iştirak etməyəcək. O, bu açıqlamanı İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin Ermənistanın İrana düşmən qüvvələrin mərkəzinə çevrildiyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən verib.

Simonyanın sözlərinə görə, rəsmi İrəvanın İrana qarşı heç bir addımı olmayıb və gələcəkdə də olmayacaq. O, vurğulayıb ki, Ermənistan dost ölkə olan İrana qarşı addımlar atmağı planlaşdırmır.

Parlament sədri İran tərəfinin “Tramp marşrutu” (TRIPP) layihəsi ilə bağlı narahatlıqlarını da əsassız adlandırıb. Onun fikrincə, bu layihə yalnız Ermənistana deyil, İran da daxil olmaqla regionun bütün ölkələrinə ciddi iqtisadi imkanlar aça bilər.

Simonyan əlavə edib ki, İranda daxili vəziyyət sabitləşdikcə və gərginlik azaldıqca Tehran da TRIPP layihəsi ilə bağlı narahatlıqlarının əsassız olduğunu anlayacaq.

visiontv.az