Varlı ölkənin kasıb prezidenti həlak olub?
04.03.2026

Mətbuata sızan, amma rəsmi təsdiq olunmayan, məlumatlara görə, İrananın eks-prezidenti Mahmud Əhmədinejad Tehranın ABŞ - İrall tandemi tərəfindən bombalanması zamanı həlak olub. Deyirəm, Allah eləməsin, son 30 ildə İranın molla rejimində təmsil olunan bir vicdanlı, bir insaflı adam olubsa, Əhmədinejad olub.

İndi onun 70 yaşı olmalı idi, qoca kişidir. Deyirlər, Tehran universitetlərinin birində müəllim işləyir, yayda bizim əski nazir Ziya Məmmədov kimi kənddə mal-qara saxlayır, öz qoyunlarını özü otarır. Həyat yoldaşı Fərahi xanım da ona kömək edir. Əhmədinejad 2005 – 2013-ci illərdə 8 il İran İslam Respublikasının prezidenti, bundan əvvəl 3 il Tehran şəhərinin meri olub. Diqqət edin: İranın 90 milyon, əhalisi var, dünyanın ən varlı ölkələrindən biridir. Qaz ehtiyatlarına görə dünyada 3-cü, neft ehtiyatlarına görə 4-cü yerdədir...

Mahmud Əhmədinejad 2005-ci ildə Tehranda Preziden sarayına gələndə ilk növbədə qiymətli ipək İran xalçalarını yığışdırdı, paytaxt məscidlərinin birinə bağışladı. İşə çantasında özü ilə nahar yeməyi - ya pendirlə, ya da ətlə çörək gətirirdi. Yoldaşı Fərahi xanım Tehran universitetlərinin birində xadimə işləyirdi. Tehranda ailəliklə atadan qalma köhnə evlərində yaşayırdılar, 1977-ci ilin “Opel” maşınından istifadə edirdilər. İşə təyin olunan hər bir nazir Qurani Kərimə əl basıb təmiz işləyəcəyinə and içirdi. Yeri gəlmişkən, deyilənə görə, Əhmədinejad özü də Qurana əl basmışdı və 8 ildə bir qəpik haram pul almamışdı. Onun 3 övladı - 2 oğlu, bir qızı var. Övladları heç biri dövlət vəzifəsi tutmayıb, indi də tutmur.

2010-cu illərdə Prezident Əhmədinejad ABŞ-da səfərdə (qeyri-rəsmi!) olanda mətbuat konfransı keçirir. Yerli telekanalların birinin cavan qadın müxbiri ona qeyr-adi sual verir:”Siz səhər duranda güzgüyə baxırsınızmı, baxırsınızsa, nə fikirləşirsiz?” Əhmədinejad adi cavab verir: “Baxıram və fikirləşirəm ki, sən heç kimdən artıq deyilsən, İran xalqının nökərisən”. Yeri gəlmişkən, Əhmədinejad 2013-cü ildə vəzifəsindən gedəndə yüksək dövlət pensiyasından imtina edib, deyib ki, mən İran xalqının rəhbəri yox, nökəri olmuşam, nökərə adi pensiya da bəsdir...

Və son olaraq. Mahmud Əhmədinejad son vaxtlar İranını dini rəhbəri Əli Xameneyinin ünvanına sərt bir mesaj göndərmişdi. Publik çıxışlarınını birində demişdi: “Şeytan çox vaxt insan cildində olur. Xaricinə baxırsan insandır, daxilinə baxırsan şeytandır. Xalqın yoxsul vəziyyətdə yaşamasına, bir tikə çörəyə möhtac olmasına bais olanlar şeytan deyil, bəs nədir?!”...

Qalib ARİF

visiontv.az