İran müharibənin qiymətini necə artırır
03.03.2026

ABŞ və İsrail İrana, Tehran isə Təl-Əvivə və regiondakı ölkələrə zərbələr endirir. Ekspertlərin fikrincə, Tehran münaqişənin miqyasını genişləndirir, sonucda atəşkəsə nail olmaq niyyəti Ilə Vaşinqtonun xərclərini artırır.

İran ABŞ-nin regiondakı hərbi bazalarına yüzlərlə raket və dron buraxıb.

"Məqsəd Vaşinqtonu bu müharibədə uğur qazana bilməyəcəyinə inandırmaqdan ötrü onun həm birbaşa, həm də dolayı xərclərini artırmaqdır", – Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidrza Əzizi AzadlıqRadiosuna deyib.

Təhlilçinin fikrincə, Tehran göstərmək istəyir ki, bu müharibədə Birləşmiş Ştatlar qalib gələ bilməyəcək, buna görə də onu mümkün qədər tez başa çatdırmalıdır.

Simvolik zərbələrdən Xameneinin qətlinədək

AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi yada salır ki, İran əvvəlki münaqişələrdə də regiondakı ABŞ hərbi bazalarını və kommersiya maraqlarını hədəf alıb. Ötən ilin iyununda İsrail və ABŞ ilə 12-günlük müharibədə də belə olmuşdu. Amma həmin addımlar, əsasən, simvolik olurdu, diqqətlə planlaşdırılmış görünürdü.

Fevralın 28-də İsrailin hava zərbələri nəticəsində Ali rəhbər Əli Xamenei və təhlükəsizlik rəsmilərinin qətlindən sonra isə İranın hərbi mövqeyinin kökündən dəyişdiyi görünür, - ekspertlər belə deyirlər.

"İran ABŞ administrasiyasının, onun dünyadakı müttəfiqlərinin enerji qiymətlərinin artmasına həssaslığına ümid edir. Bu, təkcə regional təzyiq məsələsi deyil. Bu, Ukrayna müharibəsinin nəticələrindən özünə gəlməyə çalışam qlobal bazara əlavə yük yaratmaqdır", – Əzizi vurğulayır.

Səudiyyə Ərəbistanının "Ras Tanura" neft emalı zavoduna dron hücumunun peyk görüntüsü.

Səudiyyə Ərəbistanının "Ras Tanura" neft emalı zavoduna dron hücumunun peyk görüntüsü.

Dünyanın neft tədarükünün təxminən 1/5-i Hörmüz boğazından keçir. İran daha əvvəl bu marşrutu bağlaya biləcəyini deyib. Belə bir addım qlobal neft axınını pozar.

İranın xarici işlər naziri Abbas Əraqçi martın 1-də "Al Jazeera" telekanalına müsahibəsində ərəb qonşularının narazılığını etiraf etsə də, onları müharibəni ABŞ və İsrailin başlatdığını anlamağa çağırıb. "Körfəz ölkələri bizə bu müharibəni dayandırmaq üçün təzyiq göstərməməlidir. Qarşı tərəfə təzyiq etməlidir", – o bildirib.

Tükəndirmə

Yerdə hərbi reallıq isə belədir ki, tərəflər bir-birini tükəndirməyə çalışırlar, həm də çox ağır şəkildə.

Vaşinqton İnstitutunun müdafiə üzrə mütəxəssisi Fərzin Nadiminin fikrincə, İran keçmiş uğursuzluqlardan dərs çıxarıb, ən müasir "Fəttah-1" və "Xeybər Şekan" ballistik raketlərindən istifadə edir. Bununla da ABŞ müttəfiqlərinin bölgəyə yerləşdirdiyi hava hücumundan müdafiə sistemlərini üstələməyə çalışır.

Nadimi AzadlıqRadiosunun fars xidmətinə deyib ki, məqsəd hava hücumundan müdafiə sistemlərini və sığınacaqlardakı mülki əhalini daim gərginlik altında saxlamaqdır. Belə ki, İran saatda təxminən 25 ballistik raket atmaqla sabit bir temp saxlayır; məqsəd qarşı tərəfin bu raketləri tutma ehtiyatını tükətməkdir.

İran dronları və raketləri bir neçə gün ərzində Qətərdə böyük qaz zavodunu, Səudiyyə Ərəbistanında neft emalı zavodunu, Küveytdə ABŞ bazasını və Birləşmiş Ərəb Əmirliklərində böyük hava limanını, eləcə də digər hədəfləri vurub.

ABŞ və İsrail isə bu zərbələrə daha çox qətiyyətliliklə cavab veriblər.

Nadimi deyir ki, ABŞ Hərbi Hava Qüvvələrinin yanacaqdaşıyan təyyarələri İsrail qırıcılarına hədəf bölgələri üzərində daha uzun müddət qalmaq üçün gərəkən dəstəyi verir: "Onlar bu təyyarələri daha ağır sursatla havada saxlaya bilsələr, İranın raket buraxılış qurğularını dövriyyədən birdəfəlik çıxara bilərlər".

Kim birinci sınacaq

İndi Vaşinqton üçün əsas sual budur: hava kampaniyası Tehranı sındıra biləcəkmi, yoxsa müttəfiqləri iqtisadi fəsadlar ucbatından daha tez geri çəkiləcək?

Körfəz ölkələri nə vaxtsa İranın cilovlanmasını açıq dəstəkləyirdilər, indi isə narahatlıq bildiriblər. Axı, ABŞ-nin verdiyi "Patriot" və "Aegis" müdafiə sistemləri həddindən artıq yüklənib. Nadimi xəbərdarlıq edib ki, radarlardan birinin kor edilməsi regiondakı raketdən müdafiə şəbəkəsinin fəaliyyətinə bütövlükdə təsir göstərə bilər.

Sonucda münaqişə artıq ənənəvi xərc-fayda təhlilini aşır.

Əzizi deyir ki, rejimlər ölüm-dirim məsələsi yarananda tam rasional hesablamalara uyğun gəlməyən ekstremal tədbirlərə əl ata bilərlər: "Ekzistensial vəziyyətlərdə digər mülahizələrin çoxu arxa plana keçir. Qərarların qəbulu sağ qalamağa fokuslanır, bu tükəndirmə müharibəsi məhz bu kontekstdə başa düşülməlidir".

visiontv.az