İran etirazçıları edam etməyəcəyini deyəndə nəyi nəzərdə tutur?
İranın etirazçıları edam etməyəcəyinə dair bəyanatları bəzi dairələrdə yanlış təsəvvür yaradıb.
Xarici işlər naziri Abbas Araqçi çərşənbə günü Fox News-a verdiyi açıqlamada Tehranın "etirazçıları edam etmək planının olmadığını" söyləyib. Amerika prezidenti Donald Tramp isə jurnalistlərə etirazçıların öldürülməsinin dayandırıldığına dair "əmin" olduğunu bildirib və hətta buna görə öz sosial media hesabında İrana təşəkkür paylaşımı belə edib.
Bundan başqa, Ağ Evin mətbuat katibi Karolin Livit jurnalistlərə İranın planlaşdırılan 800 edamı dayandırdığını bildirib.
İlk baxışdan İranlı rəsmilərin sözlərinə inanmaq olar (Amerikadan ehtiyat etdiklərinə görə), ancaq yaxından baxanda bunun əksi görünür.
Tehran qanunsuz mitinqlərdə iştirak etmək kimi rəsmi ittihamla nadir hallarda, kimisə edam edir. Hətta bunu heç vaxt etmir. İranın İslam Cinayət Məcəlləsinə görə, bu cinayət ölüm cəzası vermir və adətən həbs cəzası ilə nəticələnir. Ona görə də belə dar mənada İran rəsmiləri etirazçıların edam edilməyəcəyini əminliklə söyləyə bilirlər. Ancaq saxlanılan etirazçıların sonradan hansı ittihamlarla şərlənəcəyi isə heç kəs təxmin edə bilməz.
Davam edən etirazlar zamanı rejim etirazçıları müxtəlif kateqoriyalara salıb. Rejim onları başda “dinc etirazçılar” və “iğtişaşçılar”, son zamanlar isə “vandallar”, “təxribatçılar” və “terrorçular” adlandırıb. Bu adlandırmalar sadəcə ritorik deyil. Hər biri konkret hüquqi nəticələrə malikdir.
İranın Ali Milli Təhlükəsizlik Şurası 9 yanvarda verdiyi açıqlamada bildirib ki, “təhlükəsizlik qüvvələri və məhkəmə sistemi təxribatçılara qarşı heç bir tolerantlıq göstərməyəcək”. Belə ki, saxlanılan şəxs etirazçı kateqoriyasından çıxarıldıqdan sonra prokurorlar ayrıca ittihamlar toplusuna əl atırlar. Bunlara "Allaha qarşı müharibə", "yer üzündə korrupsiya", "terrorizm", "silahlı hərəkətlər" və ya "düşmən dövlətlərlə əməkdaşlıq" daxildir - bunların hamısı ölüm cəzasına səbəb ola bilər. Beləliklə, dövlətin etirazçıları edam etməməsi iddiası texniki cəhətdən yerinə yetirilmiş olur.
Ona görə də təhlükə İranın insanları etiraz etdiklərinə görə edam etməsi deyil. Məsələ ondadır ki, etiraz edənlər sonradan fərqli ittihamlara məruz qalaraq edamla üzləşə bilərlər.
visiontv.az