İnquşetiyada məişət zorakılığından qaçdığını deyən qadın Moskvada saxlanılıb
16.01.2026

İnquşetiyadan 21 yaşlı Ayna Mankiyeva Moskvada saxlanılıb. O, məişət zorakılığından qaçdığını deyib. Məlumatı "Marem" hüquq müdafiə qrupu yayıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, polis onu İnquşetiya əməliyyatçılarına təhvil vermək istəyir.

Mankiyeva evdən 2025-ci ilin aprelində qaçıb. Onun üzərində heç pasportunun belə olmadığı bildirilir. "Kavkaz.Realii" hüquq müdafiəçilərinə əsasən yazır ki, Mankiyevanın atası İnquşetiyada "Batal-Hacı qardaşlığı" təriqətinə aiddir, əvvəllər uşaq alverində ittiham olunub.

Ayna qaçandan sonra qohumları onu itkin şəxs kimi axtarışa veriblər, amma sonradan axtarışdan çıxarılıb. İndi isə o, oğurluqda şübhəli bilinərək saxlanılıb. Məişət zorakılığından qaçan qızları zorla evə qaytarmaq üçün qohumlar adətən bu maddədən istifadə edirlər.

"Marem" Mankiyevanın polisə yazdığı ərizəni də yayımlayıb. Ərizədə qız qohumlarının seksual xarakterli zorakılığına məruz qaldığını iddia edir. O, oğurluq ittihamını rədd edir.

"Marem" qrupunun açıqlamasında deyilir: "Aynanın həyatı əsl kabus olub. Onu heç bir halda İnquşetiyaya qaytarmaq olmaz. Onun Səda Süleymanova kimi birdəfəlik yoxa çıxmaq riski çox böyükdür. Sədanın nə ölüsü, nə də dirisi tapılıb".

Çeçenistan əsilli Süleymanova Sankt-Peterburqda saxlanılaraq Çeçenistana aparılıb və artıq bir neçə ildir ondan xəbər yoxdur. Dostları və hüquq müdafiəçilərinin fikrincə, o, qohumlarının "namus qətli" adlandırılan cinayətinin qurbanı ola bilər.

Aynanın atası Hambor Mankiyev "Ostorojno, Media"ya qızının doğrudan da evdən qaçdığını bildirib. Dediyinə görə, qızının saxlanılmasından xəbəri yoxdur, kimsə onu ailəni dağıtmaq üçün "verbovka" edib: "Anasız, atasız, qardaşsız, bacısız heç kim xoşbəxt ola bilməz. Mən onu nəyin bahasına olursa-olsun tapacağam".

Nəşr Mankiyevanın artıq bir neçə saatdır Sviblovo polis bölməsində saxlanıldığını yazır.

Məişət zorakılığı Şimali Qafqazın sistemli problemlərindən biridir. Polis adətən bu halları gözardı edir, cinayət işləri açılsa belə, məhkəmələr minimal cəzalar verir.

visiontv.az