Generalların sonu...
08.09.2026

Rusların həqarətlə "kloun", "aktyor" deyib ələ saldıqları, güldükləri Volodimir Zelenski və Ukrayna Ordusu Putin Rusiyasını sözün bütün mənalarında və bütün istiqamətlərdə peşman edir.

Bir yandan Zelenski Rusiyanın hava məkanını bağladıqlarını elan edir və nəticədə Rusiyanın sərnişin təyyarələrinin uçuş qrafiki bir günün içərisində tamamilə iflic olur, digər tərəfdən isə Ukraynanın xüsusi təlim keçmiş emissarları növbəti rus generalını öz evinin yaxınlığında güllələyir.

Nə general sıradan bir generaldır, nədəki bu güllələmə aktı adi bir cinayət hadisəsidir.

Bu, aylarla hazırlanmış xüsusi bir qisas əməliyyatıdır. Güllələnən general isə sıravi, dinc ukraynalıların bombalanmasında, öldürülməsində xüsusilə fərqlənmiş, aşırı fəallıq göstərmiş yüksək rütbəli rus zabitlərindən biridir.

Söhbət Rusiya AeroKosmik Qüvvələrinin zabiti, general Nikolay Varpaxoviçdən gedir.

Motosikletçinin açdığı atəş nəticəsində qarnından və başından yaralananan və ağır vəziyyətdə Moskvaya aparılan Nikolay Varpaxoviç Ukrayna hüquq-mühafizə orqanlarının "qara siyahı"sında adı keçən rus zabitlərindəndir.

O, 28 aprel 2023-cü ildə Uman şəhərində yaşayış binasına raket zərbəsi endirməkdə şübhəli bilinir. Həmin zərbə nəticəsində altı uşaq da daxil olmaqla 24 nəfər həlak olub.

Varpaxoviç həmçinin 8 iyul 2024-cü ildə Kiyevdəki "Oxmatdet" Uşaq Xəstəxanasına edilən dəhşətli raket hücumunda da şübhəli bilinir.

Və bu da vəhşiliyin sonu!

İnsanlığa qənim kəsilən şovinist-millətçi rus generalları bu cür legitim qisas hədəflərinə çevrilməlidirlər ki, bəlkə psixoz vəziyyətindən ayılıb dayanarlar.

Ancaq çox təəssüf ki, tarix rus generallarına heçnəyi öyrətmir. Çünki ruslar tarixdən ibrət almağı bacarmayan millətdir.

Rus tarixi real faktlara yox, pafoslu təbliğata, şar kimi üfürülmüş ifrat patriotizmə söykənir. Odur ki, generalların öldürülməsi faktlarına isə heç bir Rusiya dərsliyində rast gələ bilməzsiniz.

P.S. Yeri gəlmişkən, 8 fevral 1806-cı ildə Bakı xanlığının işğalı cəhdi zamanı, İçərişəhərin Qoşa Qala qapısı yaxınlığında başı kəsilən Rusiya imperiyasının Qafqazdakı qoşunlarının baş komandanı, general Pavel Sisianovun da aqibətini ruslara xatırlatmaqda fayda var. Biz ruslara ilk ibrət dərsi verən xalqlardanıq.

Bəybala Mirzəyev

visiontv.az