2016-cı il avqustun 8-də Yaponiya imperatoru Akihito xalqa videomüraciət etdi. Onun 82 yaşı vardı. Yaşlandığını, fiziki imkanlarının zəiflədiyini və dövlətin rəmzi kimi vəzifələrini əvvəlki səviyyədə yerinə yetirə bilməyəcəyindən narahat olduğunu söylədi.
Lakin çıxışında ən mühüm sözü işlətmədi: taxtdan imtina.
Bunun səbəbi vardı. Həmin vaxt imperator ailəsi haqqında qanun taxtdan könüllü ayrılma mexanizmini nəzərdə tutmurdu. İmperatorun isə siyasi qərarlara müdaxilə etmək səlahiyyəti yox idi. Parlamentdən qanunu dəyişməyi açıq istəməsi onun konstitusion mövqeyi ilə bağlı mübahisə yarada bilərdi.
Akihito hökumətə göstəriş vermədi. Öz yaşından, məsuliyyətindən və vəzifəsinin gələcəyindən danışdı. Vəzifələrinin daim azaldılmasının çıxış yolu olmadığını da bildirdi. Beləcə, hüquqi dəyişiklik tələb etmədən, həmin dəyişikliyə ehtiyac olduğunu cəmiyyətin müzakirəsinə çıxardı. Çıxış onun taxtdan ayrılmaq istəyinin dolayı ifadəsi kimi qəbul edildi.
2017-ci il iyunun 9-da parlament onun taxtdan ayrılmasına imkan verən xüsusi qanun qəbul etdi. 2019-cu il aprelin 30-da Akihito taxtdan ayrıldı.
Bu hadisənin siyasi incəliyi məncə buradadır: imperator şəxsi nüfuzundan istifadə etdi, amma qərarı səlahiyyətli institutların verməsinə şərait yaratdı. İstəyini çatdırdı, qarşı tərəfə əmr vermədi; nəticəyə yol açdı, hüquqi proseduru əvəz etmədi.
Bəzən siyasətdə ən təsirli söz açıq deyilən tələb yox, qarşı tərəfin özünün nəticə çıxarmasına imkan verən fikirdir…
Elbəyi Həsənli
visiontv.az