Dünyanın yeni silah nəhəngi: Cənubi Koreya rekord sürətlə irəliləyir
22.06.2026

Cənubi Koreya dünyanın ən sürətlə böyüyən silah tədarükçüləri sırasına daxil olub. Bu proses silahlara tələbat yaradan irimiqyaslı münaqişələr, eləcə də ABŞ Prezidenti Donald Tramp administrasiyasının Vaşinqtonun NATO ölkələri qarşısındakı təhlükəsizlik öhdəliklərini azaltmaqla bağlı bəyanatları fonunda baş verir.

Visiontv.az  xəbər verir ki, bu barədə "Politico" nəşri Stokholm  Beynəlxalq  Sülh  Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına istinadən yazıb.

Nəşrin məlumatına görə, Cənubi Koreya NATO-nun  Avropadakı üzvlərinə silah tədarükünün həcminə görə  ABŞ-dən sonra ikinci yerdə qərarlaşıb. Koreya istehsalı olan silahlara xüsusi maraq göstərən ölkələrdən biri də Polşadır. Bu ölkə 2022-ci ildə Cənubi Koreya ilə K2 tankları, raket sistemləri, artilleriya qurğuları və digər hərbi texnikanın alınmasını nəzərdə tutan 13,7 milyard dollarlıq müqavilə imzalayıb.

Nəşr qeyd edir ki, ölkələrin tədarükçü kimi məhz Cənubi Koreyanı seçməsinin əsas səbəblərindən biri  Seulun yüksək istehsal potensialıdır. Bu imkan Cənubi Koreya ilə Şimali Koreya arasında uzun illərdir davam edən qarşıdurma nəticəsində formalaşıb. Belə ki, ölkənin müdafiə sənayesi müəssisələri ordunu qısa müddətdə lazımi silah və texnika ilə təmin etmək üçün daimi hazırlıq vəziyyətində fəaliyyət göstərir.

Bundan əlavə, Avropa dövlətləri üçün Seulun Ukrayna və Yaxın Şərqdəki münaqişələrə münasibəti də mühüm əhəmiyyət daşıyır. "Politico"nun iddiasına görə, digər mühüm amil isə Cənubi Koreya istehsalı olan silahların maliyyə baxımından daha əlçatan olmasıdır.

Tədqiqatçılar proqnozlaşdırırlar ki, 2026-cı ildə Cənubi Koreyanın dörd ən böyük müdafiə şirkəti - "Hanwha Group", "Hyundai Rotem", "LIG Nex1" və "Korea Aerospace Industries"in ümumi gəliri təxminən 37 milyard dollar təşkil edəcək. Bu göstərici 2021-ci illə müqayisədə demək olar ki, dörd dəfə çoxdur.

visiontv.az