Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffi mənbələrə istinadən bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstan İranda davam edən etirazların bölgəyə potensial təsirindən ciddi narahatlıq keçirir.
Ekspertin sözlərinə görə, əsas risklərdən biri iqtisadi itkilərlə bağlıdır. Hər üç Cənubi Qafqaz ölkəsi İranla müxtəlif səviyyələrdə ticarət və iqtisadi əlaqələr saxlayır. Azərbaycan Rusiya və İran arasında mühüm tranzit ölkə rolunu oynayır. Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı qalması fonunda İranı əsas iqtisadi və logistika istiqamətlərindən biri hesab edir. Gürcüstanın isə son illərdə İranla ticarət dövriyyəsinin davamlı şəkildə artdığı qeyd olunur.
Qeyri-müəyyənliyi artıran amillərdən biri də ABŞ-nin İslam Respublikası ilə iqtisadi əməkdaşlığı davam etdirən ölkələrə qarşı 25 faizlik rüsum tətbiq edə biləcəyi ehtimalıdır. Birbaşa təsirin məhdud olmasına baxmayaraq, bu cür addımlar ümumi regional qeyri-sabitlik fonunda Cənubi Qafqaz iqtisadiyyatına əlavə təzyiq yarada bilər.
Lyuk Koffi, habelə, mümkün humanitar böhran riskinə diqqət çəkir. İranda vəziyyətin kəskinləşəcəyi təqdirdə, region ölkələri qaçqın axını ilə üzləşə bilər ki, bu da onların sosial və iqtisadi sistemlərinə ciddi yük gətirə bilər. İranla quru sərhədi olan Azərbaycan və Ermənistan üçün etnik amil xüsusi narahatlıq doğurur. Ermənistan İrandakı erməni icmasının təhlükəsizliyindən, Azərbaycan isə İranın şimalındakı etnik azərbaycanlıların sıx yaşadığı bölgələrdə vəziyyətin inkişafından narahatdır.
Ekspertin fikrincə, İrandakı qeyri-sabitlik Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesinə də mənfi təsir göstərə bilər. Ümumilikdə isə Cənubi Qafqaz ölkələri İranda sabitliyin qorunmasında maraqlıdır, lakin proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
visiontv.az