Azərbaycanda gənclərin sayı azalıb
11.09.2025

Azərbaycanda gənclərin sayı azalaraq, 25 il əvvəlki səviyyəyə düşüb.

Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə hazırda Azərbaycanda 2.3 milyon gənc var. Bu isə 2000-ci ildə qeydə alınan rəqəmlə təxminən eynidir. Onu da nəzərə alaq ki, 2000-ci ildə Azərbaycan əhalisinin sayı 8 milyon, hazırda isə 10 milyondan bir qədər çoxdur.  Azərbaycanda yaşı 15-29 aralığında olan şəxslər gənc sayılırlar. Gənclərin sayının ən yüksək səviyyəsi 2010-cu ildə qeydə alınıb. Həmin vaxt ümumi əhali sayı 9 milyon, gənclərin sayı isə 2.8 milyon olub, yəni indiki vaxtdan 500 min nəfər çox. Faiz nisbəti ilə desək 2010-cu ildən bugünədək ümumi əhali sayında gənclərin payı 8 faiz azalıb. Yəni 15 il əvvəl hər 100 nəfərdən 31-i gənc idisə, bu gün hər 100 nəfərdən 23-ü gəncdir. Ümumi müşahidələrdə çoxuşaqlı ailələrin sayının da azaldığı görünür. Hətta hazırda gənc ailələrin əksəriyyəti sadəcə bir və ya ən yüksək halda iki uşaqla kifayətləndiklərini deyirlər. Statistika deyir ki, ölkədə doğum səviyyəsi təxminən 40 faiz aşağı düşüb.

visiontv.az