Rusiyaya qarşı “cəhənnəm sanksiyaları”
25.07.2026

ABŞ Senatı gələn həftə Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” haqqında qanun layihəsini səsverməyə çıxarmağa hazırlaşır, - “Axios”.

Nəşrin məlumatına görə, demokratlar respublikaçılara qanun layihəsini dəstəkləməyə hazır olduqlarını bildiriblər. 60-dan çox həmmüəllifi olan sənəd Senatda nadir ikipartiyalı razılaşmaya çevrilə bilər.

Sənədə baxılması ömrünün son günlərində bu təşəbbüsü fəal şəkildə irəli sürən senator Lindsi Qremin xatirəsinə həsr olunmuş mərasim fonunda keçiriləcək. İyulun 11-də onun ölümündən sonra layihəyə iki dəfə yenidən baxılıb.

Senatorlar ikinci dərəcəli rüsumların maksimum həddini 500 faizdən 100 faizə endirib, ABŞ prezidenti Donald Trampın bu rüsumları tətbiq edə biləcəyi ölkələrin sayını isə Rusiya nefti və qazının beş ən böyük alıcısı ilə məhdudlaşdırıblar.

“Axios” yazır ki, ABŞ prezidentinin tələbi ilə paketə İrana qarşı sanksiyaların uzadılması da əlavə edilib. Donald Tramp daha əvvəl bu halda qanun layihəsini dəstəkləyəcəyini bildirmişdi.

Lakin sənədin ictimaiyyətə təqdim olunan versiyalarında hələlik İranın adı çəkilmir.

Layihənin son redaksiyası Donald Trampı şəxsən Vladimir Putinə və Rusiyanın bütün ali rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə məcbur edir.

Amerika mediası eyni zamanda xəbərdarlıq edir ki, sənəd qüvvəyə minərsə, bu, dolların beynəlxalq hesablaşmalardakı rolunu zəiflədə bilər.

Qanun layihəsi Senatda qəbul edilsə belə, onu Nümayəndələr Palatası da təsdiqləməlidir. Donald Tramp Konqresin qəbul etdiyi sənədi imzalamağa borclu deyil və ona veto qoya bilər. Vetonun aradan qaldırılması üçün hər iki palatada səslərin üçdə ikisi tələb olunur.

visiontv.az