Yadınızdadırsa, cəmi on il əvvəl Avropa siyasətçiləri külək turbinləri və günəş panelləri istehsalçılarına milyardlarla subsidiya ayırırdılar.
Bərpa olunan enerji mənbələrini istismar edən operatorlara güzəştlər yaradır, iqlimin qorunmasının, Rusiya qazı və neftindən imtinanın vacibliyindən danışırdılar. “Yaşıl” hay-küy miqyasına görə süni intellekt ətrafında bugünkü ajiotajdan geri qalmırdı.
Bu strategiyanın Avropa üçün əsas məqsədi istehsalda miqyas effektinə nail olmaq idi. İnnovasiyalar və müxtəlif texnoloji həllər sayəsində quraşdırılmış gücün hər meqavatına düşən maya dəyəri istilik elektrik stansiyalarındakı səviyyədən aşağı enməli, bundan sonra isə Yer üzündə iqlimə sıfır təsir göstərən “ekoloji” cənnət yaranmalı idi.
Yəni hələ 10 il əvvəl avropalılar sənaye siyasəti yürütməyi bacarırdılar: bir əllə öz şirkətləri üçün güzəştlər və istixana şəraiti yaradır, digər əllə isə yüksək və başqa ölkələrin şirkətləri üçün əlçatmaz texniki standartlar, şişirdilmiş tələblər vasitəsilə rəqabəti məhv edirdilər.
Bəs bütün bunlar indi haradadır?
Məsələn, Avropanın bərpa olunan enerji avadanlığı istehsalçıları barədə tam sükut hökm sürür.
Bu sahə ilə bağlı bütün media gündəmi “ölən adam haqqında ya yaxşı danışarlar, ya da heç nə”. prinsipi səviyyəsinə enib. Yaxşı xəbər olmadığı üçün Avropanın bərpa olunan enerji avadanlığı istehsalı sektorunun vəziyyəti barədə, demək olar ki, heç bir məlumat almırıq.
Beynəlxalq Enerji Agentliyinin diaqramında Avropanın yerli sənayedə - külək enerjisi avadanlıqlarının istehsalında - ən mühüm uğursuzluğu göstərilir.
Aİ-də istehsal olunan külək turbinlərinin quraşdırılmış gücünün hər meqavatına düşən qiymət 10 ildir azalmır.
Çinlilər isə bu müddətdə külək turbinlərinin vahid dəyərini iki dəfə, günəş elektrik stansiyalarının dəyərini isə dörd dəfə aşağı salıblar.
Sonuncu göstəricinin Aİ ölkələri üçün elə də böyük əhəmiyyəti yoxdur. Çünki günəş panelləri sənayesi orada hələ yaranma mərhələsində məhv olmuşdu. Avropa ölkələri kimyəvi batareyalar sahəsinə daxil olmağa belə cəhd etməyiblər.
Ümumilikdə, bərpa olunan enerji mənbələri üzrə yerli sənayenin nümunəsində Aİ ölkələrinin iqtisadiyyatlarında baş verən tənəzzülün bütün dramını təsvir etmək olar.
Yeni bazarların yaradılmasına, yeni istehsal sahələrinin qurulması üçün subsidiyalara on milyardlarla dollar xərclənir, lakin elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin, texnologiyaların, nou-haunun və rəqiblərdən təmizlənmiş bazarların bütün faydasını Çin istehsalçıları əldə edir.
Avropanın ekzistensial problemlərində Rusiya enerjisi isə heç də əsas rol oynamır.
Elçin Alıoğlu
visiontv.az