Zərifə xanımın İLKləri
Zərifə xanımın İLKləri
28.04.2023 Əkbər Qoşalı Tərəfindən

Bu gün Akademik, Əməkdar elm xadimi, pedaqoq, görkəmli ictimai xadim Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür (Zərifə Əziz qızı Əliyeva; 28.04.1923, Şərur, Naxçıvan – 15.04.1985, Moskva). Ruhu şad olsun!

Akademik Zərifə Əliyevanın araşdırmalarının sonucları yalnız Azərbaycan (və ya keçmiş SSRİ) səhiyyəsində deyil, bütövlükdə dünya oftalmologiyasında yeni cığırlar açıb. O, dünyada İLK DƏFƏ görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində YENİ BİR İSTİQAMƏTin – “PEŞƏ OFTALMOLOGİYASI”nın əsasını qoyub. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi məhz Akademik Əliyevanın adı ilə bağlıdır.
Yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini elm tarixində İLK DƏFƏ məhz Zərifə xanım öyrənib, bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlayıb. Akademikin uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisəsində apardığı geniş­miqyaslı, nadir elmi-araşdırmalarının sonucu onun “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” adlı dəyərli mono­qrafiya­larında öz əksini tapıb.

Mütəxəssislər haqlı olaraq onun qazandığı elmi uğurları Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ hesab edir. Akademikin elmi fəaliyyəti zəngin, əhatəli olub. Onun oftalmologiyanın ən güncəl mövzularına həsr etdiyi araşdırmaları çoxşaxəli, konseptualdır: 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaiti.

O, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin də həmmüəllifidir.

Yüksək elmi uğurlarına görə keçmiş SSRİ-nin Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına ödülünə layiq görülən Zərifə Əliyeva bu ödülü alan İLK qadın alim olub.

Bir çox görkəmli alim Zərifə xanımın həyat və fəaliyyətini yüksək qiymətləndirilib. Dünya oftalmologiya elminin tanınmış simalarından olan akademik A.Nesterov Zərifə Əliyevanı böyük professional, öz sahəsinin ünlü alimi hesab edirdi. Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-araşdırmalarının həm də sosial-iqtisadi baxımdan əvəzsiz olduğunu vurğulayaraq yazırdı: “Bu nadir araşdırmalar sonucunda zərərli istehsal sahələrində çalışanların iş ortamını yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib-hazırlanıb, istehsalata tətbiq edilib. Zərifə xanımın apardığı araşdırmaların əsas mahiyyəti də məhz bundan ibarətdir”. Tibb elmləri doktoru, professor Z.Skripniçenko isə belə yazırdı: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”.
Akademik Zərifə Əliyeva elm təşkilatçısı və ictimai xadim kimi də Azərbaycanımıza böyük xidmətlər göstərirdi. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət heyətinin, Moskvada çıxan “Vestnik oftalmoloqii” (“Вестник офтальмологии”) elmi dərgisinin Redaksiya heyətinin üzvü idi.
 
Zərifə xanımın işıqlı xatirəsi könüllərdə yaşayır, yolunu yetirmələri uğurla davam etdirir.
Sayğılarla anırıq.
 
Əkbər Qoşalı

Visiontv.az