“ASAN xidmət”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, NEQSOL Holding-in və “Bakcell”in dəstəyi ilə şəhidlərimizin övladları üçün Almaniyanın Frankfurt şəhərində keçirilən yay məktəbi davam edir.
Düşərgənin 2-ci və 3-cü günləri iştirakçılar Yohan Volfqan fon Göte adına Frankfurt Universitetində proqrama uyğun olaraq 3 saatlıq ingilis dili dərslərinə qatılıblar.
Gün uşaqların şəhərin ən böyük əyləncə mərkəzində keçən rəngarəng anları ilə yekunlaşıb.
Növbəti gün proqrama uyğun olaraq keçirilən dərs saatları ilə başlayıb, daha sonra uşaqlar üçün şəhərə ekskursiya ilə davam edib. Gənclər Stadel İncəsənət İnstitutunu ziyarət ediblər.
9-cu sinif buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 nəfər şəhid övladının yay məktəbində iştirakı NEQSOL Holding və “YAŞAT” Fondu arasında bu il imzalanmış Anlaşma Memorandumuna əsasən həyata keçirilir.
Media dəstəyi: ASAN Radio
“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün mütəmadi olaraq bu cür layihələr reallaşdırılır. Məqsəd onlarının dünyagörüşünün genişləndirilməsinə, yeni biliklər əldə etməsinə xidmət etməklə yanaşı, həm də vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.