“YAŞAT” Fonduna vəsait müalicə və psixoloji dəstək üçün ayrılıb
“YAŞAT” Fonduna vəsait müalicə və psixoloji dəstək üçün ayrılıb
20.04.2023 YAŞAT Fondu Tərəfindən

Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə "YAŞAT" Fonduna müalicə və psixoloji dəstək üçün 5 milyon manat vəsait ayrılıb.

Visiontv.az xəbər verir ki, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, qeyd olunan vəsait Sərəncamda da əks olunduğu kimi müvafiq kateqoriyadan olan şəxslərin yalnız müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün sərf olunacaq.

O qeyd edib ki, bugünədək Fondun hesabına 77 604 685.53 AZN vəsait mədaxil olub. Fondun fəaliyyət istiqamətləri üzrə 76 013 055.13 AZN məbləğində vəsait xərclənib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) maliyyə dəstəyi haqqında Sərəncam imzalanıb. Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin və dövlət orqanlarının (qurumlarının) işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onların nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “YAŞAT” Fonduna 5,0 milyon manat vəsait ayrılıb.

“YAŞAT” Fonduna vəsait müalicə və psixoloji dəstək üçün ayrılıb