Ukrayna müharibəsi - Diqqətə layiq, amma diqqətdən kənarda qalan məsələlər
Ukrayna müharibəsi - Diqqətə layiq, amma diqqətdən kənarda qalan məsələlər
04.03.2022 Elman Sadıqov Tərəfindən

Diqqətə layiq, amma diqqətdən kənarda qalan bir çox məsələlər var.

Bəzilərinə diqqət yetirək:

- Rusiya və Türkiyə iqtisadiyyatları səbəbləri tamamilə fərqli, nəticələri eyni olan vəziyyətlə üzləşdi: hər 2 ölkənin yerli valyutası kəskin devalvasiyaya uğradı. Hər 2 ölkənin valyuta ehtiyatları buxarlandı. Türkiyənin valyuta ehtiyatları hazırda mənfi 60 milyard dollardır. Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarının hazırki vəziyyəti + bankların xarici müxbir hesablarda bloklanan vəsaitləri - vətəndaşların banklarda olan hesablar - Rusiya Mərkəzi Bankının öhdəlikləri = mənfi valyuta ehtiyatları (mənfi rəqəm olaraq Türkiyədən də çox);

- Türkiyədə olduğu kimi Rusiyada da xüsusilə ilkin mərhələdə idxal inflyasiyası, sonra isə istehsal olunan əmtəələrin qiymətlərinin inflyasiyası qaçılmazdır;

- Türkiyədə olduğu kimi istehsalda kəsintilər, istehsalın həcminin düşməsi qaçılmazdır. Türkiyədən fərqli olaraq Rusiyada sanksiyalar davam edərsə bu proses daha dərin və uzunmüddətli ola bilər;

- Avropada və digər ölkələrdə inflyasiya fonunda çox güclü dollar + yaranmış geosiyasi risklər fonunda FED dolların 2021-ci ildə faiz dərəcələrinin artırılmasında daha yumşaq (öncədən neçə dəfə faiz artımı planlaşdırmaq haqqında danışmağın tez olduğunu, faiz artımlarının iqtisadiyyatdakı və dünyadakı vəziyyətdən asılı olacağını bildirməklə) siyasətə getməsini gözləyirəm. Bazarları gözləmə mövqeyində saxlayacaq. Kəskin və sürətli faiz artımları iqtisadiyyatı boğa bilər deyə ehtiyatlı yanaşma nümayiş etdirə bilər. İnflyasiya fonunda faiz artımı ehtimalı yüksəkdir, amma sürət və ritorika aşağı düşəcək;

- Mərkəzi Bankın valyuta ehtiyatlarına tətbiq olunan sanksiyalar fonunda bankların SWIFT-dən ayrılmasının necə bir ciddi addım olması arxa plana keçdi. Əslində ən təhlükəli sanksiya məhz SWIFT-lə bağlıdır. Amma SWIFT bəzi mətbuat orqanlarında qeyd olunduğu kimi banklar arasında təkcə mesajlaşma deyildir. Bu mesajlaşma pul köçürmələridir, pul qəbuludur, akkreditivlərdir, qarantiyalardır. Yəni, hal-əhval tutma mesajları deyildir. Mərkəzi Bankın ehtiyatları əriyə bilər, sonra siz həmin vəsaitləri yenidən qazanıb kompensasiya edə bilərsiniz. SWIFT yoxsa maliyyə əməliyyatları, idxal-ixrac əməliyyatları, bank sistemi iflic olur, təkcə maliyyə deyil, iqtisadi sisteminiz risk altına düşür;

- sanksiyaların tətbiqində Rusiya üçün ən ciddi risklərdən biri oliqarxlarla bağlıdır. Oliqarxlara qarşı sanksiyalar getdikcə sərtləşəcək.

Səbəbi aydındır;

- Rusiyadan idxal ucuzlaşacaq fikri heç də bütün məhsullara aid deyil. Strateji əhəmiyyətli məhsulların ixracına Rusiya limit tətbiq və ya qadağan tətbiq edə bilər. İkincisi, istehsalı dayandırılacaq və ya azalacaq məhsulların da qıtlığı və nəticədə ixracının azalacağı təqdirdə qiymətləri arta bilər. Ukraynadan isə ümumiyyətlə infrastrukturun dağıdılması nəticəsində idxalın uzun müddət tam kəsilməsi ehtimalı yüksəkdir. Yəni, idxal-ixrac əməliyyatları, ticarət dövriyyəsi təhlil olunarkən müxtəlif senari və simulyasiyalar nəzərə alınmalıdır;

- Ən çox verilən suallardan biri budur ki, sanksiyalar Rusiya iqtisadiyyatına nə qədər zərbə vuracaq. Birinci və ən əsası, bu zərərin həcmi sanksiyaların müddətindən asılıdır. Sanksiyaların müddətini isə heç kim bilmir. İkincisi, bir deyil, bir neçə ciddi sanksiyanın təsirini həm ayrılıqda, həm də kumulyativ hesablamaq lazımdır. Bu isə onu göstərir ki, söhbət sanksiyaların zərərlərinin həcmindən daha çox, sanksiyaların Rusiya iqtisadiyyatına hansı müddətdə dağıdıcı təsir göstərəcəyindən gedə bilər;

- Hər bir halda sanksiyalar davam edəcək. Rusiya Kiyevi alsa da, almayıb müharibə uzansa da. Və ya Ukraynanı parçalasa da, atəşkəs elan olunsa da. Rusiya Ukraynadan əl çəkməyənə qədər bu sanksiyaların tam götürələcəyi ehtimalı çox aşağıdır;

- bu münaqişəyə dolayı yolla bütün əsas iqtisadi güc mərkəzləri (Çin istisna olmaqla) cəlb olunub. Çinin addımları növbəti mərhələdə görünəcək. Hələlik bir-birinə zidd bəyanatlarla vəziyyəti idarə edə bilir;

- Rusiya da, ABŞ və Qərb də bu münaqişənin əhatə dairəsinə daha çox ölkəni cəlb etmək səylərini daha açıq şəkildə büruzə verəcəklər. Məsələ müharibənin digər ölkələrə transferindən deyil, risklərin digər ölkələrə transferindən gedir;

- aylar öncə dəfələrlə təkrarladığım fikirdə qalıram. Ən real və uğurlu yeganə vasitəçi kim ola bilər sualının cavabı Türkiyədir. Bütün digər vasitəçilər siyahıdan çıxarılmışdır. Çin ehtimalı vardır, lakin çox azdır.

- Burada da əsas məsələ. Türkiyənin gücündən daha çox, Türkiyənin vasitəçiliyinin bəhanə edilərək (hər iki dövlətin əlaqələri və strateji gələcək əməkdaşlıqları qalmaqdadır) münaqişənin yumşaldılması, atəşkəsin elan olunmasıdır. Bu ehtimal qalır, lakin təəssüf ki, azalır;

- Hadisələrin nəticələrindən asılı olmayaraq, bundan sonra fərqli bir dünya düzəninə doğru gedilir. Bir neçə triyon deyil, onlarla trilyon dollarların, funtların dövriyyəyə girəcəyi yeni siyasi, iqtisadi və maliyyə düzənlərinə doğru. Hər 3 düzənin eyni dövrdə inşası ciddi dəyişikliklərdir. Bu gün şahidi olduqlarımız isə təəssüf ki, hələ başlanğıcdır…

P.S. Neftin qiymətləri artır, lakin ABŞ heç bir tədbir görmür. Niyə? Keçən il bir yazıda bir məsələyə toxunmuşdum ki, alternativ enerjiyə qarşı olanlarla alternativ enerji tərəfdarları arasında ciddi qarşıdurma var. Neft varsa, qiyməti də ucuz isə, niyə tələm-tələsik bir şəkildə alternativ enerji layihələrinə trilyonlarla dollar investisiyalar qoyulur. Bununla bağlı geniş yazım olduğu üçün, təkrara yol vermirəm. Nəticə odur ki, indi alternativ enerji layihələrinə daha yüksək məbləğli investisiyaların qoyulması məsələsinə qarşı çıxanların sayı çox azaldı. Hətta məcburiyyətdən iqlim dəyişikliyi məsələsi arxa plana keçməkdədir. Avropa qazdan asılılığı azaltmaq üçün daş kömür istehsalı və istehlakını artırmağı düşünür.

İqtisadçı ekspert Elman Sadıqov

Visiontv.az