Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri "Tağıyev: Neft" bədii filminin nümayişi ilə başlanıb
06.06.2026

5-7 iyun tarixlərində Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Bu münasibətlə mədəniyyət naziri  Adil Kərimlinin rəhbərliyi ilə  Azərbaycanın mədəniyyət, elm və ədəbiyyat  xadimləri, incəsənət ustaları və bədii kollektivlərindən ibarət geniş nümayəndə heyəti qardaş ölkəyə səfər edib.

Azərbaycan Mədəniyyəti Günləri Türkmənistan Mədəniyyət Nazirliyi "Kinovideoxidmət" Birliyinin "Aşqabad" kinoteatrında "Tağıyev: Neft" tammetrajlı bədii filminin nümayişi başlanıb.

Tədbirdə  Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov iki ölkənin Mədəniyyət nazirliklərinin məsul nümayəndələri mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Əvvəlcə çıxış edən "Türkmənfilm"in baş direktorunun müavini Sahısaleh Bayramov  Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayıb. Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərini əlamətdar hadisə kimi dəyərləndirən S.Bayramov bu kimi mədəni təşəbbüslərin iki ölkənin qardaş xalqlarının daha da yaxınlaşmasına vəsilə olacağını bildirib.

Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Sadıqov çıxış edərək ölkəmizin mədəni zənginliklərinin qardaş  Türkmənistanda təqdim edilməsindən məmnunluğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun siyasi iradəsi sayəsində iki ölkə arasında əlaqələr mədəniyyət sahəsində də uğurla inkişaf edir. Ötən ilin oktyabr ayında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini deyən nazir müavini qardaş türkmən xalqının çoxəsrlik mədəni mirasının yaddaşlarda dərin iz qoyduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Türkmənistan arasında mədəni əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirən nazirin müşaviri nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Türkmənistan tərəfinə minnətdarlıq edib.

Sonra "Tağıyev: Neft" tammetrajlı bədii filmi haqqında məlumat verilib. Bildirilib ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və  Azərbaycan Respublikası Kino  Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. Kinolent milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı "Tağıyev" filminin ilk seriyasıdır.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri  Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir. Xalq artistləri Pərviz Məmmədrzayev ("Tağıyev"), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.

Sonra ekran əsəri nümayiş olunub. XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakıda və ölkəmizin regionlarında baş verən mühüm tarixi-mədəni hadisələrin yer aldığı film böyük maraqla qarşılanıb.

visiontv.az