Türk birliyi üzərinə düşüncələr
Türk birliyi üzərinə düşüncələr
12.08.2021 Müşfiq Məmmədov Tərəfindən

Uzaq mənzillərə aparan yol tək bir addımla başlar.

Son zamanlar dünya mətbuatında Türk birliyinə çox toxunulur, institutlar araşdırma aparır. Bir çox dövlət və siyasətçiləri maraqlandıran sualların başında ” Həqiqətənmi Türkiyə 100 il sonra yenidən təbii təsir dairəsi olan türk dövlətlərinə doğru yönəlir? Türkiyənin təbii təsir dairəsi hansı əraziləri əhatə edir ? Doğrudanmı Azərbaycan türklərinin beyinlərində gen səviyyəsində var olan imperiyaçılıq düşüncələri oyanır? ” sualları verilməkdədir.

Bəli, hər nə qədər ərazi olaraq kiçilsək də, işğala məruz qalsaq da, biz Səfəvi və Səlcuqların qurduğu imperiyaların sələfləriyik. O kodlar genlərimizdədir və unudulmamışdır. Hər dəfə ana yurddan ayrı düşmüş vətən parçaları haqqında xəbər oxuduğumuzda içimiz sızlayırsa deməli imperiya kodlarına sahib bir millətik.

Dünyanı və eləcə də Kremli, xüsusən də ikinci Qarabağ müharibəsindən sonra bu suallar çox maraqlandırır və narahat edir.

Rusiyanın Ankaradakı səfiri Komsomolskaya Pravda qəzetinə verdiyi müsahibədə deyirdi:

-Tələbənin Türk dili və tarixini öyrənməyinin yaxşı və ya pis olması mübahisə predmeti deyildir. Dövlətlər arası teatr truppalarının, musiqi vəya rəqs qruplarının qostrolları xalqların bir-birinin mədəniyyətini tanımağı üçün çox faydalı bir işdir. Amma şovinist düşüncələr “hiyləgərcəsinə pərdə arxasında” yayılmağa başlayarsa əlbətdə bu çox zərərli olacaqdır.

Mətbuat konfransında əvvəldən onun üçün hazırlandığı hiss edilən və ona yönəldilən suala Rusiya XİN-i Lavrov belə cavab vermişdi:

-Türkiyənin Türk birliyi kimi bir hədəfi yoxdur və inanmıram ki keçmiş sovet respublikalarınında belə bir istəyi olsun.

Bu sözlər daha çox, Türkiyəyə və Qarabağ müharibəsinin nəticələrindən həvəslənən Türk respublikalarına bir xəbərdarlıq idi.

Əslində bu fikirləri ilk dəfə Fransa prezidenti Makron və Ermənistanın baş naziri Paşinyan səslandirmişdi və təxmini belə idi, “Türkiyə Cənubi Qafqaza yerləşərək yeni türk imperatorluğunun əsasını qoymaq istəyir.”

Bəzi qonşu ölkələrin hadisələrin belə inkişaf etmə ehtimalından özünə görə narahatlıq səbəbi vardır.

100 il əvvəl Qafqaz İslam Ordusunun yerli özünü mudafiə dəstələri ilə birlikdə Bakını daşnak-bolşevik işğalından azad etməsinin necə uzağa vuran bir siyasət olduğunu və Bakının Xəzər sahilində Türküstana açılan bir qapı olduğunu ispatlamışdı.
Türk dünyası sadəcə mədəni və dil ortaqlığı ilə məhdudlaşdırılmayacaq qədər stratejik baxımdan önəmli bir ərazidir. Türk dünyası yeraltı və yerüstü sərvətləri , ticarət yollarının üstündə yerləşməsi ,karbohidrat yataqları ,Avropanı və Çini enerji ilə təmin edən, Rusyanın arxa baxçasında yerləşən, əhalisinin əksəriyyətinin gənclərdən ibarət olan və türkcə danışan,dünyaya təsir edə biləcək böyük bir gücə sahib olan bölgədir. Hətta gələcəkdə Şərq və Qərb blokuna qarşı 3-cü bir blok halına gələ biləcək qədər stratejik bir önəmə sahibdir.

Bu ərazilər Azərbaycan Respublikası başda olmaqla, 4 Orta Asiya respublikası,Güney Azərbaycan, Xorasan, Uyğurstan,Kırım, Şimali Əfqanıstan və Rusiya Federasiyası tərkibində olan Türk dilli respublikaları əhatə edir.

Sovet İttifaqı dağılsada varisi olan Rusiya hələ də bölgədə gücünü saxlamaqdadır. 2 əsr boyunca yetişdirdiyi özünə bağlı siyasətçilər, elm və mədəniyyət adamları, xüsusi ilə müxtəlif vəzifələrə yerləşdirdiyi Rusiya təhlükəsizlik xidmətlərinə bağlı adamları vasitəsi ilə ölkələrə təsir gücünü itirməmişdir. Bölgədə rus dilinə və rus dilli təhsilə rəğbət artmaqdadır.

2-ci Dünya müharibəsindən sonra dünya dövlətləri imperialistllər tərəfindən təsir dairələrinə bölündü. Yaxın Şərq Amerikanın, Afrika Fransanın, Hindistan və Yaxın Şərq isə Britaniyanın payına düşdü. Sovet İttifaqı dağıldıqdan sonra qərb gücləri bu bölgünü yenidən şəkilləndirilməyə çalişsada Rusiya, Orta Asiya və Qafqazı əldən vermədi.Təsir dairəsinə bölünmüş ərazilərdəki xalqlar çox güclü şəkildə assimilyasiya siyasətinə maruz qalmaqdadırlar.
İran və Ermənistan vasitəsi ilə türk dünyası fiziki olaraq 2 yerə parçalanmışdır.Türkiyənin fiziki olaraq quru yolu ilə Azərbaycan üzərindən keçərək Orta Asiya ya çıxışı ola bilməsi ehtimalını belə qəbul etməyən və bunu özünə ən böyük təhlükə hesab edən ölkələrin başında İran gəlir. Bakıda keçirilən qələbə paradında R.T. Ərdoğanın Araz şerini deməsi ilə Güney Azərbaycan xalqının necə həyəcanlandığının və İran rəsmilərinin bu şerə necə sərt reaksiya verdiklərinin şahidi olduq. Tehran siyasi və mədəni olaraq Türkiyənin regionda güclü və söz sahibi olmasını özünə təhlükə sayır və bu prosesin qarşısının alınması üçün əlindən gələni edir. Məsələn 2-ci Qarabağ müharibəsi günlərində İran XİN nazirliyi “Regionda 3-cü bir güc istəmirik” bəyanatı vermişdi. Qarşısını ala bilmədikdə isə xarici işlər naziri Cavad Zərif öz twitter hesabında Türkiyə Qarabağa Əl-Nusra döyüşçülərini gətirir yalanını paylaşmışdı. Bu yaşıdlarına gücü çatmayan ,əlacsız və gücsüz bir məktəbli qızın hayqırışlarını xatırladırdı. O məhşur yalan belə idi, “Bölgədə terroristlərin olduğundan əminəm.” Məqsəd Qarabağ müharibəsində ordumuza olan inamı sarsıtmaq və Türkiyənin imicinə zərbə vurmaqdı.

İranın bu qorxularının qaynağında Güney Azərbaycan türklərinin özünü dərk etməsi prosesisinin artıq çoxdan başlaması, Azərbaycan ,Xorasan və Qaşqay başda olmaqla geniş ərazilərin itirilməsi vəya ən azından müxtariyyət tələbləri durur. Başqa bir qorxusu, xalq arasında milli-siyasi kimlik düşüncəsinin artışı İran dövlətinin “milli din” halına gətirdiyi məzhəbçiliyin arxa plana itiləcəyi və artıq xalq kütlələri üzərində təsir imkanlarının daralacağı təklükəsidir.

İsrail dövləti də regionda təsir gücü olan dövlətlərdən biridir. Amma maraqlı bir faktdır ki, İsrail Türkiyənin digər türk respublikaları ilə inkişaf edən əlaqələrini hələki qısqanmır və əngəl törətmir. Başqa sözlə desək Rusiya, Çin və İranın bölgədə güclü olmasındansa Türkiyənin təbii təsir dairəsinin güclənməsini dəstəkləyir.

Bəs, Türkiyə həqiqətənmi türk dünyasını təşkilatlandırırmı və buna yetəcək gücü varmı? Real vəziyyətə baxarsaq Türkiyə bu ölkələrdə rəqiblərinə nisbətən çox zəifdir. Rus məktəbləri ilə qarşılaşdırdığımız zaman türk tədris mərkəzlərinin yox deyəcək qədər az olması, bölgədə təhlükəsizlik baxımından Rusya və Çinin qarantorluq rolunun daha geniş olması Türkiyənin ciddi zəif tərəfləridir. Məsələn, coğrafi olaraq yaxınlığı və mallarının ucuzluğu Çinin bu bölgəyə daha ucuz mal satmasına şərait yaradır. Rusiya isə Orta Asiya ölkələri ilə Gömrük birliyində olduğuna görə mallarını bu bazara daha cazib qiymətdən çıxara bilir. Türkiyənin isə bu iki ölkə qarşısında belə bir şansı yoxdur. Tək yolu bazara daha yüksək qiymətdən amma daha keyfiyyətli mal təklif etməkdir.

Dünya yeni bir düzənə doğru addımlayır. Haqqında danışdığımız coğrafiyanın əhəmiyyəti hər keçən gün artmaqdadır. Bununla bərabər bölgədəki xalqlar arasında da həyəcan və gərginlik paralel olaraq böyüməkdədir. 

300 illik ətalətdən sonra milli-siyasi oyanış fazasına keçmişik. Hələ yolun başındayıq. Qarşımızda uzun və çətin bir yol var.

Uzaq mənzillərə aparan yol tək bir addımla başlar.

Siyasi şərhçi Müşfiq Məmmədov

Visiontv.az