Tokayev: TDT çərçivəsində rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılması təklif olunur
15.05.2026

Türk Dövlətləri Təşkilatı çərçivəsində rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılması təklif olunur.

 Bunu  Qazaxıstan  Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib. 

“Bu gün bütün dünya misli görünməmiş dəyişikliklər yaşayır. Yeni imkanlar və yeni çağırışlar meydana çıxır. Dünyada texnoloji rəqabət daha da güclənib. İnnovasiya sahəsində üstün olan dövlətlər ön sıralara çıxır. Texnoloji inkişaf artıq dövlətlərin təhlükəsizlik və sabitlik faktoruna çevrilib. Rəqəmsal transformasiya prosesindən geri qalan ölkələr gələcəkdə rəqabət qabiliyyətini itirə bilər. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin texnoloji yeniliklərdən geri qalmaması üçün birlikdə fəaliyyət göstərməsi vacibdir. Süni intellekt və rəqəmsallaşma prosesi türk dünyasının inkişafına yeni imkanlar açır. Qazaxıstan rəqəmsal dövlət qurmağı əsas strateji məqsədlərindən biri hesab edir. Bu məqsədlə cari il Qazaxıstanda “Rəqəmsallaşma və süni intellekt ili” elan olunub. Astanada beynəlxalq süni intellekt mərkəzi açılıb. Həmçinin ölkədə yeni superkompüterlər istifadəyə verilib. Növbəti mərhələdə məlumat emalı mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu isə region ölkələrinə aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq etmək və sərmayə cəlb etmək üçün geniş imkanlar yaradır. Biz Qazaxıstanı regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevirmək üçün ardıcıl tədbirlər həyata keçiririk. Xarici investorlar və yüksək ixtisaslı mütəxəssislər üçün “qızıl viza” sistemi tətbiq olunub. Belə viza alan şəxslər dövlət və maliyyə xidmətlərindən Qazaxıstan vətəndaşları ilə bərabər istifadə edə bilirlər. Bununla yanaşı, ölkəmizdə rəqəmsal texnologiyalar və süni intellekt sahəsində yeni layihələr həyata keçirilir. Təhsil sahəsində rəqəmsal infrastrukturun inkişafı, qabaqcıl texnologiyalar üzrə mütəxəssislərin hazırlanması və təhsil sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Həmçinin vətəndaşların şəxsi məlumatlarının qorunmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə yaxın vaxtlarda süni intellektin etik istifadəsi ilə bağlı yeni qanun qəbul olunub. Bu da Qazaxıstanın gələcəyi üçün mühüm addımlardan biridir.

Gələcəkdə ölkənin rəqəmsal inkişaf istiqamətlərini müəyyən edən “Rəqəmsal Qazaxtan strategiyası davam etdiriləcək. Yaxın vaxtlarda Almatıda dayanıqlı inkişaf üçün rəqəmsal həllər mərkəzi fəaliyyətə başlayıb. Bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının regional proqramları çərçivəsində dəstəklənir. Bu layihələrin həyata keçirilməsinə verdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirirəm.

Bundan əlavə, mart ayında Türk Dövlətləri Təşkilatının ekspertlərinin iştirakı ilə Şımkent şəhərində süni intellekt və rəqəmsal inkişaf üzrə beynəlxalq konfrans keçirildi. Bu tədbir ölkələrimiz arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bir daha göstərdi. Mən hesab edirəm ki, gələcəkdə rəqəmsal təhlükəsizlik və kibertəhlükəsizlik məsələlərinə dair yeni təşəbbüslər irəli sürülməlidir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılması təklif olunur. Bu mərkəzlər üzv dövlətlərə rəqəmsal sahədə yeni imkanlar yaradacaq. Eyni zamanda kibertəhlükəsizlik üzrə ortaq şuranın yaradılması da vacibdir. Belə bir qurum ölkələrimizin rəqəmsal sahədə qarşılaşdığı riskləri müəyyənləşdirməyə və birgə müdafiə mexanizmləri formalaşdırmağa imkan verəcək. Qazaxıstan bu təşəbbüslərlə bağlı müvafiq təklifləri təşkilata üzv dövlətlərə təqdim edib. Bu təşəbbüslərin hamısı ortaq maraqlarımıza xidmət edir. Buna görə də gələcəkdə bu istiqamətdə daha sıx əməkdaşlıq etməliyik. Hörmətli dövlət başçıları, mən daha bir neçə təklif irəli sürmək istəyirəm. Birincisi, ticarət və iqtisadiyyat sahəsində üzv ölkələr arasında elektron sənədlərin və rəqəmsal imzanın qarşılıqlı tanınması istiqamətində birgə fəaliyyət gücləndirilməlidir.

İkinci məsələ kosmik sənaye sahəsi ilə bağlıdır. Bu sahə türk dövlətlərinin rəqabət qabiliyyətini artıran əsas amillərdən biridir. Bu istiqamətin inkişafı üçün ölkələrimizin elmi, texnoloji və insan potensialı kifayət qədərdir. Xüsusilə peyk rabitəsi, naviqasiya və monitorinq sahəsində birgə layihələrin həyata keçirilməsi əməkdaşlığımızı daha da gücləndirə bilər. Bununla texnoloji tərəfdaşlığımız möhkəmlənəcək və innovasiya potensialımız artacaq.”, - deyə dövlət başçısı qeyd edib.

visiontv.az