Təbiətin möcüzəsi: Almazlar
Təbiətin möcüzəsi: Almazlar
21.06.2022 MEDİA Tərəfindən

Aqillər deyir üç şey var ki, onları etmək qeyri-mümkündür: poladı sındırmaq, almazı cızmaq və ölümün mənasını anlamaq. Bunlardan birincisi hamıya məlumdur, üçüncüsü isə heç kimə məlum deyil. Odur ki, söhbətimiz almazlar haqqındadır. Bu daşlar necə əmələ gəlir, niyə belə qiymətlidir, harda istifadə edilir və s.

Bütün almazlar ultrayüksək (on minlərlə ölçülən) temperatur və təzyiq nəticəsində yerin altında yaranır və vulkan püskürməsi nəticəsində yer üzünə çıxır. Bu proses 200-300 kilometr dərinlikdə baş verir. Almazların əksəriyyəti vulkanik mənşəli kimberlit adlanan suxurlarda (kimberlit boruları) yaranır və vulkanik proseslər fəal olan rayonlarda tapılır.

Tarixdə ən böyük almaz Küllian (1-ci şəkil), ən qiymətli almaz isə Mavi almaz (2-ci şəkil) hesab olunur. Küllianın çəkisi 1000 karat (200 qram) olub, Mavi almaz isə hərracda 40 milyon dollara satılıb. Amma bu daşların heç birini saxlamayıblar, doğrayıblar, cilalayıblar və brilyant qayırıblar. Hazırda dünyada almaz istehsal edən iyirmiyə qədər ölkə mövcuddur. Küllianın və Mavi àlmazının vətəni Cənubi Afrika bu sırada dördüncüdür - Botsvana, Rusiya və Kanadadan sonra. Ilk beşliyi Anqola qapayır, Namibiya altıncı, Avstraliya isə yeddincidir. Almazın tarixi vətəni sayılan Hindistan isə bu sıraya düşmür. Təsdiq olunmuş məlumatlara görə, 2008-ci ildə almaz istehsalı bütün dünya üzrə 12,7 milyard dollar təşkil etmişdir…

Almazlar daş kömür, karandaşların hazırlandığı adi qrafit kimi kimyəvi tərkibcə təmiz karbondan ibarətdir. Amma almazda karbonun atomları kristallik formada - daha sıx və nizamlı (kubik sinqoniya adlanır) yerləşmişdir. Bu da almazın çox sərt və eyni zamanda şəffaf və parlaq olmasını şərtləndirir. Almaz təbiətdə rast gəlinən ən sərt maddələrdən biridir. Yəni almaz şüşəni və başqa maddələri cıza bilir, almàzı isə heç bir başqa maddə ilə cızmaq mümkün deyildir. Odur ki, təbii almaz daşlardan brilyant qaşlar hazırlanarkən onu yalnız almaz tozu ilə cilalayırlar. Məsələ ondadır ki, almaz suxurların içindən, doğrudur, düzgün formalı, parlaq, amma adi daş kimi (şəkillərə bax) çıxır. Ondan brilyant hazırlamaq, yəni işığın daha çox sınması - daşın “alışıb yanması” üçün çoxlu üzlər yaratmaq (cilalanma adlanır) isə uzun bir prosesdir. Amma almazın təbiətdə ən sərt maddə olması onun həm də ən bərk maddə olması demək deyil. Yəni almaz poladdan dəfələrlə sərt olsa da, poladdan kövrəkdir, almaz daşa çəkiclə güclü zərbə endirilsə, onu sındırmaq olar.

Almaz işığı yüksək dərəcədə sındırdığına, həddindən artıq parlaq və şəffaf olduğuna, heç vaxt cızılmadığına görə ən qiymətli daş-qaş hesab olunur. Bazar qiymətinə gəlincə, şərti olaraq bir karat (qramın beşdən biri) təmiz brilyantın qiyməti 100 qram yüksək əyarlı (999) qızılın qiymətinə bərabər götürülür. Almazlarà təbiətdə rəngsiz, mavi, bənövşəyi, çəhrayı, qızılı və qara rənglərdə rast gəlinir. Ən qiymətlisi birinci, ən ucuzu isə axırıncıdır. Rəngsiz, şəffaf almazlar eyni ölçüdə zümrüd və rubinlərdən dəfələrlə qiymətlidir. Amma yüzlərlə karat çəkidə, dünyaca məşhur (şəkillərə bax) almazlar əntiq şey sayılır və bazar qiymətləri ümumiyyətlə yoxdur. Onların satış qiyməti, bir qayda olaraq, məşhur hərraclarda təyin olunur və on milyonlarla dollarla ölçülür.

Qeyd etmək lazımdır ki, almaz qiymətli daş-qaş olmaqla bərabər, eyni dərəcədə qiymətli materialdır. Almaz çox sərt olduğuna görə (yeyilib sıradan çıxmır) ondan dağ-qazma işlərində, məsələn dərin neft quyularının qazılması zamını istifadə olunur, qazma baltalarının başlığına almaz daşlar vurulur. Bu zaman təbii yox, süni daşlardan istifadə olunur. Yüksək istilik keçirmə qabiliyyətinə malik olan almaz, eyni zamanda dielektrikdir, yəni elektriki keçirmir. Bu xassəsi almazı müasir texnologiyaların (raketdən kompyuterə qədər) əvəzsiz materialına çevirir. Beləliklə, almaz sözün əsil mənasında təbiətin möcüzəsidir, dünyada ən qiymətli daş-qaş olmaqla bərabər, ən dəyərli, əvəzolunmaz materialdır.

(Ardı var)

Qalib ARİF

visiontv.az