"Ötən ilin iyun ayında iki qardaş ölkələrimiz arasında Şuşa Bəyannaməsi böyük bir ümid və sevinclə prezidentlərimiz tərəfindən imzalandı. Bəyannamə Türkiyə - Azərbaycan əlaqələri və ümumiyyətlə, bütün regionumuz üçün çox əhəmiyyətlidir".
Bu sözləri Visiontv.az-a açıqlamasında Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyasının sədri və Kocaeli Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar deyib.
Müsahibimiz qeyd edib ki, bəyannamə hərbi, müdafiə sənayesi texnologiyaları, yükdaşıma, enerji, iqtisadi, humanitar və tarixi əlaqələrimizi daha da gücləndirərək, qardaş ölkələrimizin inkişafına stimul verəcək.
"Şuşa Bəyannaməsinin imza törəni zamanı prezident İlham Əliyev "44 günlük Vətən savaşında Türkiyənin dəstəyi olmasaydı müdaxilə etmək istəyən çox olardı" deyə bir reallığı dilə gətirdi. Tarixdə böyük önəmə sahib Qars anlaşmasının 100-cü ilində imzalanan Şuşa sazişi müttəfiqlik məsuliyyətini önə çıxarır. Bunun mənası odur ki, hər hansı üçüncü ölkənin və ya ölkələrin müdaxilə və hücumları baş verdiyi təqdirdə dövlətlərimiz düşmənə qarşı hərbi müstəvidə birləşmiş güc şəklində çıxacaqlar" deyən cənab Bilal Dündar bildirib ki, əslində bu saziş hücum deyil, sırf müdafiə məqsədli olub ölkələrimizin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Yəni bəyannamə açıq şəkildə göstəirir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, ərazi bütövlüyünə qarşı təhlükə olduğu təqdirdə iki ölkənin silahlı qüvvələri birlikdə qarşı çıxacaqlar.
"Şuşa strateji mövqedə yerləşməklə, Qarabağa hakim və tarixi önəmə sahib mədəniyyət şəhəridir. Türkiyənin Şuşaya Azərbaycan qədər önəm və dəyər verməsinin nəticəsidir ki, burada ilk konsulluq şöbəsini açıb. Elə bir neçə gün öncə Türkiyə müdafiə sənayesi texnologiyaları festivalını ilk dəfə Bakıda keçirdi. Bu cür əməkdaşlıq və tədbirlərin sayı artırılaraq davam etdiriləcək" deyən müsahibimiz əlavə edib ki, Şuşa Bəyannaməsi eyni zamanda türk dövlətlərini birləşdirən Türk Şurasının qüvvətlənməsi və əməkdaşlığı inkişaf etdirməsinə imkanlar yaradacaq. Hətta dostluq, sülh və əməkdaşlıq məqsədi güdən bəyannamə Ermənistan üçün də geniş fürsətlər açır. "Dostluq və yaxın qonşuluq prinsiplərinə uyğun şəkildə əməkdaşlığa razı olarlarsa, qazanclı çıxacaqlar. Çünki əlaqələr qazan-qazan prinsiplərinə əsaslanır. Bir deyim var: barışmağı bilməyənlər savaşmağı da bilməzlər. Şuşa Bəyannaməsinin dostda qürur, düşməndə qorxu yaratdığı şübhəsizdir. Bu bəyannamənin iki qardaş ölkəmizə və türk dünyasına xeyirli olmasını arzu edirəm", - deyib cənab Bilal Dündar.