Rusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib.
Visiontv.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində, həmçinin Tatarıstan, Başqırdıstan və Udmurtiya respublikalarında ümumilikdə 1512 pasiyentdə yoluxma faktı təsdiqlənib.
Nəşrdə qeyd olunur ki, siçan qızdırmasına yoluxma hallarının kəskin artması payız aylarına təsadüf edir. Bu mövsümdə gəmiricilər isti yer axtarışında çöllərdən insanların yaşayış evlərinə doğru hərəkət edirlər. Mütəxəssislərin sözlərinə görə, bağ evlərində, eləcə də şəhər ərazilərində xəzəlləri təmizləyərkən bu infeksiyaya tutulmaq mümkündür. Həmin yerlərdə gəmiricilərin ifrazatlarına (tüpürcək və ya nəcis) rast gəlinə bilər.
Virus insan orqanizminə hava-damcı yolu, yaxud birbaşa təmas vasitəsilə daxil olur. Xəstəliyin əsas simptomlarına yüksək bədən hərarəti, baş, qarın, bel və əzələ ağrıları daxildir. Bundan əlavə, xəstələrin üzündə və bədənlərinin yuxarı nahiyələrində qızartılar müşahidə edilə bilər. Həkimlər əraziləri təmizləyərkən mütləq qoruyucu maskalardan istifadə etməyi məsləhət görürlər. Siçan yuvalarına, ifrazatlarına və gəmiricilərin özlərinə çılpaq əllə toxunmaq qətiyyən tövsiyə olunmur. Həmçinin, əllərin diqqətlə dezinfeksiya edilməsi vacib şərtdir.
visiontv.az