Rusiya Kiyevin müdafiəsinin zəiflədilməsi barədə informasiy toplayır
09.12.2025

Rusiya dəstəklədiyi hökumət fondu vasitəçilərin köməyi ilə Ukraynada Kremlin təbliğatının aparılması və Kiyevin müdafiəsinin zəiflədilməsi barədə informasiy toplayıb.

AzadlıqRadiosunun “Sxemı” layihəsi bu qənətdə OCCRP və Danimarkanın DR televiziyasının ələ keçirdiyi on minlərlə elektron məktubun bir qisminin araşdırılmasından sonra gəlib. Məlumata görə, Ukraynada toplanan məlumatlar Rusiyanın Xaricdə Yaşayan Həmvətənlərin Müdafiəsi və Dəstəklənməsi Fondunun (Pravfond) Moskva ofisinə göndərilib.

Pravfonda Rusiya Xarici İşlər Nazirliyi və Rossotrudniçestva tərəfindən yaradılıb. Təşkilat əsas missiyasının Rusiyanın dünyadakı humanitar təsirinin gücləndirilməsi olduğunu bildirib. OCCRP-nin araşdırması müəyyən edib ki, təşkilat Rusiya kəşfiyyatı ilə əlaqəlidir, Rusiya təbliğatını maliyyələşdirir və Kremlin təsir kanallarını qurur.

“Sxemı”nın tədqiq etdiyi materiallara əsasən, Pravfondun Ukrayna istiqamətində fəaliyyətinin iki koordinatoru olub. Onlarda biri Yevgeni Baklanov ukraynalıdır və dövlətə xəyanət maddəsi ilə axtarışdadır.

Məlumata görə, Pravfonda Ukrayna Hüquqi Konsultasiyalar Mərkəzi ilə əlaqədə olub. Burada hüquqşünaslar Ukrayna vətəndaşlarını qəbul edib, Rusiya hakimiyyəti üçün “Ukrayna ordusunun hərbi cinayətləri”, “rusdilli əhalinin haqlarının pozulması” barədə hesabatlar hazırlayıblar.

Elektron məktublardan bəlli olub ki, təşkilat xüsusilə sərhəd keçmə qaydaları, səfərbərlikdən möhlət alınması kimi məsələlərə 2022-ci ildə fokuslanıb. “Sxemı” güman edir ki, burada məqsəd konsultasiyalar vasitəsilə Kiyevin müdafiəsi məsələsini sarsıtmaq olub. Üstəlik, “Pravfond”un denasifikasiya adı altında 4 saytı maliyyələşdirdiyi ələ keçirilən sənədlərdən bəlli olub.

“Pravfond” hazırda Avropa Birliyinin sanksiyası altında olsa da Ukraynada ona qarşı sanksiya yoxdur. 2021-ci ildə Kiyev təşkilatı sanksiya altına salsa da 2024-cü ildə ona qarşı sanksiyalar uzadılmayıb.

“Pravfond”un yaradılmasında iştirak edən “Rossotrudniçestva”nın fəaliyyəti Azərbaycanda dayandırılıb. Təşkilat Azərbaycandan çıxarılıb, hökumətyönlü mediada ona bağlı qurumların casusluq fəaliyyəti apardığı iddia olunub.

visiontv.az