Rusiya Çinlə hərbi əməkdaşlıq və Starlink peyklərinə qarşı mübarizə barədə gizli danışıqlar aparıb
Bu barədə The Insider, Der Spiegel və Le Monde-un birgə araşdırmasında bildirilir. Nəşrlər 2023-cü ilin payızında Quançjouda keçirilən Hərbi-texniki əməkdaşlıq üzrə Üçüncü Çin-Rusiya forumunda nümayiş etdirilən təqdimatlara, həmçinin 2023-cü ilin iyununda Moskvada aparılan danışıqların yekununda imzalanmış ikitərəfli iş protokoluna istinad edirlər.
Bu sənədlərə əsasən, Rusiya və Çin kosmik silahlar, peyklərin məhv edilməsi, hava hücumundan müdafiə və raket əleyhinə müdafiə, hərbi texnika, aviasiya və qoşunların təchizatı sahələrində əməkdaşlığı müzakirə ediblər.
Xüsusilə Starlink-lə mübarizənin mülki istifadəçilərin terminalları üzərindən kiberhücumlar yolu ilə, həmçinin ucuz Çin tutucu vasitələri ilə peyklərin fiziki məhv edilməsi hesabına aparılması təklif olunub. Bundan başqa, Çin tərəfi digər “maraqlı” ölkələrin də dəvət ediləcəyi “Starlink əleyhinə texniki alyans” yaradılmasının tərəfdarı olub.
The Insider-in qeyd etdiyi kimi, Moskvada imzalanan protokol Rusiya ilə Çin Xalq Respublikası arasında aşağı hündürlüklü hava hücumundan müdafiə sistemi və raket əleyhinə silahların hazırlanmasına başlamaq barədə razılaşmaları göstərir. Bu sistem Amerika hipersəs raketlərini, ballistik raketləri və manevr edən döyüş bloklarını tutmalı idi. Tərəflər həmçinin “perspektivli HHM/REM sistemləri”nin layihələndirilməsinə başlamaq barədə razılığa gəliblər.
Bundan əlavə, 2023-cü ildə iki ölkə yeni nəsil avtonom “sürü” sursatlarının birgə hazırlanması üçün Rusiyanın döyüş təcrübəsinin Çin süni intellekt texnologiyaları və kütləvi istehsal resursları ilə mübadiləsi imkanını müzakirə edib.
Bu razılaşmaların nəticələrindən biri, məsələn, Rusiya hərbçilərinin Ukraynadakı müharibədə istifadə etdiyi avtonom V2U pilotsuz uçuş aparatı olub. Onun bir çox komponenti Çin istehsalıdır, o cümlədən süni intellekt modulu.
visiontv.az