İran adlanan ölkə ilə bağlı məlumatlar göstərir ki, hökumət ilə Sepah komandanlığı arasında gərginlik misli görünməmiş səviyyəyə çatıb. Məlumatlara görə, Məsud Pezeşkiyan hökumət başçısı kimi Sepahın komandiri Əhməd Vəhidinin özbaşına verdiyi qərarlara görə ciddi şəkildə qəzəblidir.
Tehrandakı məlumatlı mənbələrin bildirdiyinə görə, Pezeşkiyan Sepahın Birləşmiş Ərəb Əmirliklərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları tamamilə “məsuliyyətsiz” addım kimi qiymətləndirib və bu əməliyyatların hökumətin xəbəri və razılığı olmadan həyata keçirildiyini bildirib.
Pezeşkiyan Sepahın region ölkələri ilə gərginliyi artıran bu yanaşmasını “dəlilik” adlandırıb və bunun geri dönməz nəticələri barədə xəbərdarlıq edib.
Vəziyyətin pisləşməsi və ölkənin yenidən müharibəyə cəlb olunma ehtimalı fonunda, Pezeşkiyan Müctəba Xamenei ilə təcili görüş tələb edib ki, ondan Sepahın körfəz ölkələrinə hücumlarını dayandırmağı və təkrarlanmasının qarşısını almağı xahiş etsin.
Pezeşkiyan bu görüşdə vurğulamaq niyyətindədir ki, atəşkəs razılaşmasını xilas etmək üçün hələ qısa bir fürsət mövcuddur və o, beynəlxalq vasitəçilərə Tehranın yenidən danışıqlara qayıtmağa hazır olduğunu bildirmək imkanı əldə etməlidir.
Tehranda prezident aparatına yaxın mənbələr bildiriblər ki, Pezeşkiyan mümkün beynəlxalq reaksiyalardan ciddi şəkildə narahatdır və hesab edir ki, İran adlanan ölkə heç bir halda yeni və genişmiqyaslı müharibəyə daxil olmaq imkanına malik deyil.
O xəbərdarlıq edib ki, bu özbaşına hücumların davam etməsi ABŞ-ın İranın həyati enerji obyektlərinə və iqtisadi infrastrukturuna ağır cavab zərbələri endirməsinə səbəb ola bilər. Onun sözlərinə görə, bu, ölkənin tamamilə dağılmasına və insanların yaşayış şəraitinin geri dönməz şəkildə çökməsinə gətirib çıxarar.
Bu siyasi çıxılmaz vəziyyət fonunda müşahidəçilər hesab edirlər ki, müharibə meydanında ikili idarəetmə İran adlanan ölkəni hərbi intihar həddinə yaxınlaşdırır.
Sadiq İsabəyli
visiontv.az