ABŞ siyasətində bəzən bir cümlə böyük mübahisələrin qapısını açır. Florida ştatından respublikaçı konqresmen Randy Fine-in “ermənilərin Konqresdə xidmət etməsini istəmirik” deməsi də məhz belə oldu. Bu sözlər təkcə siyasi etikaya zidd bir bəyanat kimi yox, həm də Amerika siyasi sistemində dəyərlərlə maraqların necə toqquşduğunu göstərən nümunə kimi diqqət çəkdi.
Bu açıqlama dərhal geniş reaksiya doğurdu. ABŞ-da müxtəlif siyasi dairələr, media və ictimaiyyət nümayəndələri Fine-in mövqeyini sərt şəkildə tənqid etdilər. Amerika cəmiyyətində etnik mənsubiyyətə görə siyasi hüquqların məhdudlaşdırılması qəbuledilməz sayılır və bu prinsip ölkənin siyasi kimliyinin əsas sütunlarından biridir. Bu baxımdan Fine-in çıxışı təbii olaraq ciddi narazılıq doğurdu.
Hadisənin digər tərəfi isə erməni diaspor təşkilatlarının reaksiyasıdır. Amerika Erməni Milli Komitəsi – ANCA – bu çıxışı kəskin şəkildə pislədi və Fine-i “nifrət dolu radikal” adlandırdı. Bu mövqe erməni yönümlü media platformalarında geniş şəkildə yayıldı. Məsələn, Asbarez kimi nəşrlər bu hadisəni daha emosional və ittihamedici tonla təqdim etdi. Lakin unutmaq olmaz ki, bu cür platformalar neytral informasiya mənbəyi deyil, daha çox müəyyən diaspor mövqeyini ifadə edən media qurumlarıdır. Ona görə də orada istifadə olunan terminləri və yanaşmaları obyektiv reallıq kimi yox, siyasi baxışın ifadəsi kimi qiymətləndirmək daha düzgün olar.
Bu mübahisənin fonunda daha dərin bir reallıq görünür. ABŞ siyasi sistemi təkcə dəyərlər üzərində qurulmayıb, eyni zamanda güclü lobbiçilik mexanizmləri ilə işləyir. Bu mexanizmlər qanunidir və sistemin ayrılmaz hissəsidir. Konqres üzvləri müxtəlif maraq qrupları, şirkətlər və diaspor təşkilatları ilə sıx əlaqədə olur. Bu isə qərarların formalaşmasına birbaşa təsir göstərir.
Erməni diasporu ABŞ-da ən təşkilatlanmış və təsirli lobbi qruplarından biri hesab olunur. Onların uzun illər ərzində formalaşdırdığı siyasi təsir imkanları regionla bağlı məsələlərdə tez-tez özünü göstərir. Eyni zamanda Azərbaycan da son illərdə bu sahədə daha fəal davranmağa çalışır və öz maraqlarını beynəlxalq müstəvidə irəli sürmək üçün müxtəlif platformalardan istifadə edir.
Bu mənzərə yeni deyil. Hələ 1998-ci ildə Heydər Əliyev The New York Times qəzetinə müsahibəsində açıq şəkildə deyirdi: “Mən konqresmenlərdən soruşuram ki, niyə Ermənistanla bu qədər yaxın münasibətləri var. Onlar deyirlər ki, erməni diasporu onlara çoxlu pul verir. Bu, korrupsiyadır, ya yox?” Bu sual əslində bir cavabdan çox, sistemin mahiyyətini ortaya qoyurdu. O vaxtdan bu yana dəyişən çox şey olsa da, bu mexanizmin özü dəyişməyib.
Beləliklə, Randy Fine-in qalmaqallı açıqlaması yalnız bir siyasətçinin uğursuz çıxışı kimi dəyərləndirilə bilməz. Bu, daha geniş bir reallığın – ABŞ siyasətində dəyərlərlə maraqların paralel mövcudluğunun – kiçik, amma aydın görünən epizodudur. Burada prinsipial mövqelər də var, güclü təsir qrupları da. Bəzən birincilər danışır, qərarları isə ikincilər formalaşdırır.
Və nəticədə yenə eyni sual ortaya çıxır: bu sistem nə dərəcədə dəyərlərə əsaslanır və nə qədər maraqların təsiri altındadır? Cavab isə, görünür, hər kəsin baxdığı yerdən fərqli görünür.
Elbəyi Həsənli
visiontv.az