Krımda 9 may paradı ləğv edilib
07.05.2026

Rusiya ilhaq etdiyi Krıma “rəhbər” təyin etdiyi Sergey Aksyonov bildirib ki, bu il yarımadada 9 may paradı və “Ölməz alay” aksiyası keçirilməyəcək. O, qərarı təhlükəsizlik səbəbləri ilə izah edib.

Rusiyanın bir sıra regionlarında da oxşar addım atılıb. Böyük Novqorod, Voronej, Çuvaşıya, Saratov vilayəti və Nijni Tagildə (Sverdlovsk vilayəti) 9 may hərbi paradları ləğv olunub.

Moskvada isə Qələbə Günü paradı 2007-ci ildən bəri ilk dəfə hərbi texnikasız keçiriləcək. Yetkinlik yaşına çatmayanlar – kadetlər və suvorovçular iştirak etməyəcək. Rabitə operatorları mayın 4-dən Moskva və Sankt-Peterburqdakı abonentlərə mayın 5-9-da mobil rabitənin məhdudlaşdırıla biləcəyi barədə xəbərdarlıq göndərib.

Moskva aeroportları uçuşları dayandırıb

Bu gün, mayın 5-də günorta saatlarında Moskvanın bütün aeroportlarında uçuşlar dayandırılıb. RBK-nın xəbərinə görə, "Şeremetyevo" aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Bundan əvvəl "Vnukovo", "Domodedovo" və "Jukovski" aeroportlarında da məhdudiyyətlər barədə məlumat verilmişdi. "Kovyor" planı elan olunub –aeroportlar nə reys qəbul edir, nə də yola salır.

Adətən belə tədbirlər dron hücumu təhlükəsi ilə bağlı tətbiq olunur. Mayın 5-nə keçən gecə Ukrayna hərbçiləri Rusiyanın bir sıra regionlarına, o cümlədən Çuvaşiya və Leninqrad vilayətinə hücumlar həyata keçirib. Moskva meri Sergey Sobyanin Moskvaya doğru uçan 10-a qədər dronun vurulduğunu bildirib.

Qələbə Günü ərəfəsində Moskvada və ümumilikdə Rusiyada əlavə təhlükəsizlik tədbirləri görülür. Region sakinlərinə mayın 5-dən 9-dək mobil internetin kəsilə biləcəyi barədə xəbərdarlıq edilib. Moskvada istifadəçilər dünən və bu gün (4-5 may) mobil internetdə fasilələrdən şikayət ediblər. Mayın 5-də günorta saatlarında Rəqəmsal İnkişaf Nazirliyi bildirib ki, "Moskvada təhlükəsizlik səbəbi ilə mobil internetin müvəqqəti bloklanması başa çatıb".

Rusiya Müdafiə Nazirliyi mayın 8-dən 9-dək atəşkəs elan edildiyini bildirib. Ukrayna prezidenti Volodimir Zelenski buna cavab olaraq deyib ki, Ukrayna mayın 6-sı gecəyarıdan atəşkəs rejiminə əməl etməyə hazırdır. O vurğulayıb ki, təkcə Rusiyanın parad keçirməsi üçün atəşkəs Ukrayna üçün qəbuledilməzdir.

Mayın 5-dən 9-dək Moskvada mobil internet kəsiləcək

5-9 may tarixlərində Moskvada mobil rabitə və SMS xidmətlərində məhdudiyyətlər tətbiq olunacaq. "Bilayn" rabitə operatoru abonentlərini bu barədə xəbərdar edib.

"Bilayn" abonentlərə göndərdiyi mesajlarda internetə çıxış üçün Wi-Fi-dan istifadə etməyi, zənglər üçün isə VoLTE funksiyasını aktivləşdirməyi tövsiyə edib.

Digər iri rabitə operatorları bu məlumatı şərh etməyib. ASTRA nəşri abonentlərə istinadən yazıb ki, oxşar mesajlar MTS istifadəçilərinə də göndərilib.

Sankt-Peterburq sakinlərinin də oxşar bildirişlər aldığı bildirilir. "Bumaqa" nəşri bu barədə məlumat yayıb.

2026-cı ilin martında Moskva sakinləri bir həftədən çox mobil rabitə və internetdə yaşanan nasazlıqlardan şikayət ediblər. Aprelin sonunda isə Sankt-Peterburq sakinləri Rusiya prezidenti Vladimir Putinin şəhərə səfəri ilə əlaqədar mobil rabitənin kəsildiyini bildiriblər.

Mayın 9-da Rusiya paytaxtında keçiriləcək Qələbə Günü paradı hərbi texnika, suvorovçular və kadetlər olmadan baş tutacaq. Hakimiyyət bunu operativ vəziyyətlə izah edib. Bu arada Ukrayna dronları, demək olar ki, hər gecə Rusiyadakı hədəflərə zərbələr endirir.

V.Putinin 2026-cı ilin fevralında imzaladığı qanun xüsusi xidmət orqanlarının tələbi ilə rabitə operatorlarına xidmətləri dayandırmağa icazə verir və onları abonentlər qarşısında məsuliyyətdən azad edir.

Moskvada 9 May paradı hərbi texnikasız keçiriləcək

Bu il mayın 9-da Moskvada Qırmızı Meydanda Qələbə Günü paradı uzun illərdən sonra ilk dəfə hərbi texnikasız keçiriləcək. Bunu aprelin 28-də axşam saatlarında Rusiya Müdafiə Nazirliyi bildirib.

"Hazırkı operativ vəziyyətlə əlaqədar olaraq Suvorov və Naximov hərbi məktəblərinin yetirmələri, kadet korpusları, eləcə də hərbi texnika karvanı bu il hərbi paradda iştirak etməyəcək", –məlumatda qeyd olunur. "Operativ vəziyyət" dedikdə nəyin nəzərdə tutulduğu açıqlanmayıb.

Rusiya ərazisi, demək olar ki, hər gün Ukraynanın dron zərbələrinə məruz qalır. Bu zərbələrin sayı və dərinliyi əvvəlki illərlə müqayisədə xeyli artıb.

Bundan əvvəl müşahidəçilər aprelin sonunda Moskvada hərbi texnikanın ənənəvi parad məşqlərinin keçirilməməsinə diqqət çəkmişdilər. Ukraynanın hücumları təhlükəsi fonunda paradın ləğv ediləcəyi və ya məhdudlaşdırılacağı ehtimalları səsləndirilmişdi. Kremlin sözçüsü Dmitri Peskov isə paradın baş tutacağını bildirmişdi.

Bu il İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümü qeyd olunur.

Postsovet dövründə 9 May paradlarının müntəzəm keçirilməsinə Boris Yeltsinin prezidentliyi illərində başlanılıb. Vladimir Putinin hakimiyyəti illərində parada ağır hərbi texnika daxil edilib və sovet dövrünün 7 Noyabr paradlarını xatırladan bir güc nümayişinə çevrilib. Xarici qonaqların iştirakı xüsusi əhəmiyyət daşıyıb. Builki paradda iştirakını hələlik yalnız Belarus lideri Aleksandr Lukaşenko təsdiqləyib. Slovakiyanın baş naziri Robert Fitso da Moskvaya gəlməyi planlaşdırsa da, onun paradda iştirakı gözlənilmir.

Peskov: Ukraynanın "terror fəaliyyəti" ilə bağlıdır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 9 May Qələbə Günü paradının məhdud miqyasda planlaşdırılmasını Ukraynanın "terror fəaliyyəti" ilə əlaqələndirib.

"Bu terror təhlükəsi fonunda, əlbəttə, riski minimuma endirmək üçün bütün tədbirlər görülür", – Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Novaya Gazeta Europe" nəşrinin baş redaktoru Kirill Martınov bildirib ki, Ukraynanın Rusiyanın dərinliklərinə zərbə endirmək imkanları son illərdə əhəmiyyətli dərəcədə artıb. Onun sözlərinə görə, yüksəksəviyyəli qonaqların iştirakı ilə keçirilən 9 May paradı zamanı hava hücumundan müdafiə sistemlərinin yarılması tamamilə real təhlükəyə çevrilib.

Martınov həmçinin qeyd edib ki, Rusiya cəmiyyətində müharibədən, Kremlin iqtisadi siyasətindən və Ukrayna dronlarının hücumlarını cilovlamaq məqsədilə tətbiq edilən sərt internet məhdudiyyətlərindən qaynaqlanan yorğunluq getdikcə artır.

Putinin hakimiyyətinin son 25 ili ərzində Kreml Qırmızı meydandakı paradı xarici dünyaya hərbi güc nümayişi kimi istifadə edib. Həmin illərdə yüzlərlə tank, hərbi texnika, təyyarə və raket sistemləri sərgilənib.

Bununla belə, paradın keçirilmə tərzində fərqli mərhələlər olub. Məsələn, 2007-ci ildə – Dmitri Medvedevin prezidentliyi dövründə – paradda hərbi texnika ümumiyyətlə iştirak etməyib. 2023-cü ildə isə parad daha da məhdud keçirilib: nümayiş etdirilən texnika sırasında bəzi raket buraxılış qurğuları və zirehli piyada maşınları olub, kolonun önündə isə İkinci Dünya müharibəsi dövrünə aid bir tank yer alıb.

visiontv.az