Nazir müavini: TDT çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biri yeniyetmə və gənclər arasında radikallaşmanın qarşısının alınması olmalıdır
30.06.2026

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları arasında əməkdaşlıq təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və müasir təhlükələrə qarşı koordinasiyalı mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu Şuşada keçirilən TDT-yə üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşündə Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli bildirib.

O qeyd edib ki, Qazaxıstanda dini vəziyyət sabitdir, dövlət vicdan azadlığının təmin olunması ilə ekstremizm və radikalizmin qarşısının alınması arasında balansın qorunmasına xüsusi önəm verir.

Nazir müavini vurğulayıb ki, ölkəsində 18 konfessiya və 120-dən çox etnik qrup sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır, dini və etnik müxtəlifliyin qorunması istiqamətində ardıcıl siyasət həyata keçirilir.

Rüstəm Əli bildirib ki, TDT çərçivəsində əməkdaşlığın əsas istiqamətlərindən biri yeniyetmələr və gənclər arasında radikallaşmanın qarşısının alınması olmalıdır. Onun sözlərinə görə, sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə yayılan ekstremist ideologiyalar yeni çağırışlar yaradır və bu sahədə ortaq mexanizmlərin hazırlanmasına ehtiyac var.

O əlavə edib ki, süni intellekt texnologiyalarından ekstremist ideologiyaların yayılmasına qarşı mübarizədə istifadə perspektivləri də diqqət mərkəzində saxlanılmalıdır.

Rüstəm Əli həmçinin silahlı münaqişə zonalarından qayıdan şəxslərin reabilitasiyası, həbsxanalarda dini maarifləndirmə, psixoloji dəstək və sosial reinteqrasiya sahəsində Qazaxıstanın topladığı təcrübəni TDT ölkələri ilə bölüşməyə hazır olduqlarını bildirib.

Nazir müavini qeyd edib ki, Qazaxıstan dini ekstremizmlə mübarizə və regional sabitliyin möhkəmləndirilməsi naminə Türk dövlətləri ilə uzunmüddətli və praktik əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

visiontv.az