Məqsəd nədir? - Azərbaycanın rəqəmsal əkizinin yaradılmasıdır?
Məqsəd nədir? - Azərbaycanın rəqəmsal əkizinin yaradılmasıdır?
07.06.2025 Elvin ABBASOV Tərəfindən

2017-ci ildən etibarən Əmlak Məsələləri üzrə Dövlət Xidməti süni intellektə əsaslanan torpaq səthinin monitorinq sisteminin tətbiqinə başlayıb. Bu, ölkə üzrə böyük həcmli məlumatların rəqəmsal emalı və onların analitik təhlili istiqamətində ilk genişmiqyaslı təşəbbüslərdən biri hesab olunurdu.

İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanovun 29 may 2025-ci il tarixində keçirilmiş “Superkompüter infrastrukturu və Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masada qeyd etdiyi kimi, hələ o illərdən etibarən qurum daxilində “bu datalarla daha nələr etmək mümkündür?”, “süni intellekt burada hansı imkanlara yol açacaq?” kimi sualların cavabları axtarılırdı. Torpaq səthindəki dəyişikliklərin avtomatik təqibi ilə yanaşı, müxtəlif sensorlar vasitəsilə əldə olunan məlumatların təhlili üzrə tətbiqlər formalaşdırılmışdı. Bu sahədə qazanılmış təcrübə, sonrakı mərhələlərdə süni intellekt modellərinin tətbiqinə keçid üçün zəmin rolu oynayıb.

2020-ci ildən sonra isə bu yanaşmalar yalnız dövlət sektoru ilə məhdudlaşmayıb. Startaplar və texnologiya şirkətləri tərəfindən irəli sürülən yeni təşəbbüslər, o cümlədən rəqəmsal xidmətlərə keçid prosesi bu texnologiyaların özəl sektorda da mənimsənilməsinə səbəb olub. Süni intellektə dair normativ hüquqi baza formalaşdırılıb, nəticə etibarilə həm dövlət, həm özəl, həm də vətəndaş cəmiyyətinə yönəlik təsir dairəsi genişlənib.

Hazırda ölkədə milli məkan məlumatları infrastrukturu formalaşdırılır. Bu layihə təkcə obyektlərin coğrafi qeydiyyatını deyil, eyni zamanda dövlət, biznes və vətəndaş seqmentləri arasında informasiya inteqrasiyasını hədəfləyir. Artıq bu layihə çərçivəsində nəhəng məlumat bazaları mövcuddur. Bu məlumatların təmizlənməsi, keyfiyyətinin artırılması və əlaqələndirilməsi proseslərində süni intellekt əsaslı texnologiyalar tətbiq olunur. Anar Nərimanov bildirir ki, bu prosesi müşahidə etdikcə ölkənin böyük texnoloji hesablama resurslarına ehtiyac duyduğu aydın olur. Bu çərçivədə başlıca məqsədlərdən biri də bu məlumatların faydalı informasiyaya çevrilməsi və yeni bizneslərin yaranmasına və inkişafına xidmət edəcək “biznes naviqator” tipli platformaların yaradılmasıdır.

Bütün bu yanaşmalar fonunda ölkədə superkompüter infrastrukturu qurulmasına qərar verilib. Qeyd olunub ki, bu, sadəcə bir mərhələnin başlanğıcıdır: “Birinci superkompüter artıq ölkəyə gətirilibsə, bu o deməkdir ki, ikinci və üçüncü mərhələlər də gündəmdədir. Bu resursların sadəcə bizim deyil, digər dövlət qurumlarının və və özəl sektorlarun da ehtiyaclarını qarşılaması nəzərdə tutulub.”

Bu təşəbbüs ölkənin rəqəmsal əkizinin qurulması istiqamətində ciddi bir mərhələ sayılır. Məlumat əsaslı qərarların qəbulunu təmin edən bu sistemlər, gələcəkdə daha çevik dövlət idarəçiliyi və dayanıqlı iqtisadi modellərin formalaşması üçün zəmin yaradır.

Elvin Abbasov

visiontv.az