Mədəniyyət dini əvəz edə bilərmi? Əlimizdə bu vaxta qədər mədəniyyətin dini əvəz etdiyi cəmi iki nümunə var: Qədim Yunanıstan və qədim Çin. Çağımızda isə ABŞ nümunə olmağa namizəddir.
Mədəniyyətin dini əvəz etməsi nə deməkdir? Qısaca desək, cəmiyyətdə insanlar arasındakı bağın gözəgörünməz mistik, mifik varlıqlar tərəfindən deyil, insanın özünün yaratdığı anlayışlar tərəfindən hörülməsi.
Sadələşdirsək, cəmiyyətin ayələrə deyil, qanunlara inanması.
Mədəniyyətin dini əvəz etməsində bir xeyli problemlər var. Bir neçəsini sadalayaq.
Din insanlara mif və əbədi həyat satır. Mədəniyyət isə ağıl və zövq. Elə bir insan yoxdur ki, desin: Mənim ağıla və zövqə ehtiyacım var. Əksinə, ən ağılsız və ən zövqsüz adamlar özlərinin ən ağıllı və ən zövqlü olduqlarına inanırlar.
Amma elə bir insan yoxdur ki, desin: Mənim mifə və əbədi həyata ehtiyacım yoxdur. Alman filosofu Valter Benyamin necə də şairanə deyib: "Dünyada ən son dilənçi ölənə qədər mif öz mövcudluğunu qoruyacaq".
Buradan görünür ki, dinin bazara çıxardığı matah daha cazibədardır və alıcılar ən çox onun piştaxtasının qarşısına toplaşacaqlar.
İkinci bir problem: Din öz tapınanlarını eyni düşüncənin, eyni davranışların, hətta eyni geyimin, hətta və hətta eyni saqqalın ətrafında birləşdirib ortaq bir güc mərkəzi yarada bilir. Dinin ən sərt və öndər prinsipi budur: eyniləşdirmək, fərqləri yox etmək.
Amma mədəniyyət, tam əksinə, fərqlilik, rəngarənglik tələb edir. Bu olmasa mədəniyyət də yoxdur. Fərqliliyin dəstəklənməsi mədəniyyətin gücünü pərakəndələşdirir, bir-birindən narazıların sayını artırır, hətta bəzən mədəniyyət yaranmasına icazə verdiyi bu fərqliliklərin qurbanı olur.
Ücüncüsü və ən əsası: din gücünü itirdikdə başqa bir cildə girərək mədəniyyətin içinə daxil ola, orada yenidən dirçələ bilir. Məsələn, romantizm sekulyarlaşaraq mədəniyyətin içinə girmiş dindir.
Mədəniyyətin isə mifik-mistik bir cildə girib dinin içinə daxil olması mümkün deyil. Allahı allahla aldada bilməzsən!
Mədəniyyətin dini əvəz etməsi mümkündür, o halda ki, kollektiv təhtəlşüura din əleyhinə minalar basdıra bilsin. İranın Hörmüz boğazına basdırdığı minalar kimi...
Aqşin Yenisey
visiontv.az