Kreml Putinin Makron və Mertslə danışmağa hazır olduğunu açıqlayıb
30.10.2026

Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts də daxil olmaqla hər kəslə dialoqa açıqdır.

 Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"O, yenə telefona cavab verəcək. O, hər kəslə dialoqa açıqdır", - Kremlin sözçüsü Makron və ya Merts Kremlə zəng etsəydi, Putinin nə edəcəyi ilə bağlı suala cavab verərkən deyib.

Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışmağa hazır olub-olmayacağı ilə bağlı suala isə Peskov "hələ heç kim zəng etməyib" deyə cavab verib.

Qeyd edək ki, Putin bir neçə gün bundan qabaq Finlandiya Prezidenti və Norveç Baş naziri ilə telefon danışığı aparıb. Telefon danışığının  Avropa tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilib.

visiontv.az